Amerikalı professor “Autizm xəstəliyi” mövzusunda çıxış edib
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında seminar keçirilib. Seminar “Autizm xəstəliyi” mövzusuna həsr olunub. Seminarda ABŞ-ın Corctaun Universitetinin professoru, “Peşəkar inkişaflar üzrə sertifikatlar” Proqramının direktoru Tobi Lonq çıxış edib.
Tobi Lonq çıxış öncəsi Azərbaycanda ilk dəfə 2002-ci ildə olduğunu qeyd edib. O vaxtdan indiyədək yaxşı mənada çox şeylərin dəyişdiyini və inkişaf etdiyini vurğulayıb.
Amerikalı professor autizm xəstəliyi, uşaqlarda bu xəstəliyin hansı tezlikdə təzahür etməsi, əsas xarakterik xüsusiyyətləri və həmçinin xəstəliyin müayinə və müalicəsində hansı beynəlxalq təcrübədən istifadə olunması barədə tədbir iştirakçılarına geniş məlumat verib.
Professor 30 ildən artıq araşdırma apardığı bu sahədə qazandığı çoxsaylı təcrübələrdən misallar gətirərək, müayinə və müalicə zamanı hansı tibbi alətlərdən istifadə etməyin zəruriliyinə və bir sıra əhəmiyyətli məqamlara da toxunub.
Sonda mövzu ətrafında diskusiyalar başlayıb. Professor iştirakçıları maraqlandıran çoxsaylı sualları cavablandırmalı olub.