Ağdaş rayonunda əhali arasında keçirilən sorğunun nəticələri
Bakı, 12 mart, AZƏRTAC
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2018-ci ilin dekabr ayında keçirilən “İcbari tibbi sığorta sisteminin Ağdaş rayonunda tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”nun nəticələri əsasında hazırlanan analitik hesabatı ictimaiyyətə təqdim edib. Sorğu “Era Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, 400 nəfər arasında aparılan sorğuda respondentlərin icbari tibbi sığortanın (İTS) tətbiqi haqqında məlumatlılıq səviyyəsi, onun tətbiqinə münasibəti, İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi, ödənişsiz tibbi xidmətlərə əlçatanlığı və s. öyrənilib.
Sorğuda iştirak edən respondentlərin 85,1 faizinin İTS-nin tətbiq olunmasına münasibəti müsbət olub.
Sorğunun nəticələri onu deməyə əsas verir ki, Ağdaş rayonunda İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən əhalinin 89.7 faizi məmnundur. Respondentlərin 73.7 faizi tibbi xidmətlərin keyfiyyətini yüksək qiymətləndirib.
Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (76.7 faiz), tibb müəssisəsinin sanitar–gigiyenik şəraiti (85.9 faiz), ödənişsiz tibbi xidmətlərə (76 faiz) və həyati vacib – dəyəri yüksək olan əməliyyatlara əlçatanlıq (69.5 faiz) müsbət qiymətləndirilib.
İTS-nin tətbiqi dövründə Ağdaş rayonunda 15 Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərməyə başlayıb. ASM-də olarkən göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinə gəldikdə sorğu nəticəsində məlum olub ki, respondentlərin 98.4 faizi ailə həkimlərinin xidmətlərindən razıdır.
Sorğunun nəticələrinə əsasən İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə həmin göstəricinin 67.8 faizindən 13.5 faizə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot ərazilərdə rəsmi qeydiyyatda olan sakinlərin baza zərfinə daxil olan 1829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.
Qeyd edək ki, son hesabat 2018-ci ilin əvvəlində Ağdaş rayonunda keçirilmiş sorğunun nəticələri ilə müqayisəli şəkildə verilib. Məlumat üçün bildirək ki, Ağdaş rayonunda ilin əvvəlində “Sosial Tədqiqatlar üzrə Beynəlxalq Mərkəzi” İctimai Birliyi tərəfindən İTS-nin tətbiqindən əvvəlki dövrü əhatə edən müddət (2017-ci il) üzrə sorğu aparılıb. İTS-nin Ağdaşda sorğunun keçirildiyi vaxtdan bir ay əvvəl tətbiq olunduğunu, rayonda yaşayan vətəndaşların İTS sistemi barədə az məlumatlı olduğunu nəzərə alaraq bəzi parametrlər üzrə ümumi əhalinin fikri bu regionda öyrənilməyib və 2018-ci ilin sonunda sorğunun təkrar keçirilməsinə zərurət yaranıb.
Sorğular Prezident İlham Əliyevin 2018-ci il 16 fevral tarixli 1830 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Ağdaş və Yevlax rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın pilot layihə olaraq tətbiqinə dair tədbirlər planı”nın 14-cü bəndinə əsasən keçirilib. Həmin bənddə pilot ərazilərdə əhali məmnuniyyətinin ölçülməsi məqsədilə sorğuların keçirilməsi nəzərdə tutulub.
Hesabatla agentliyin rəsmi internet saytında (its.gov.az) daha yaxından tanış olmaq mümkündür.