Peyvəndlərdəki qatqı maddələrinə qısa baxış

Hər il təxminən 1 milyarddan çox insana peyvənd vurulmaqdadır. Buna görə də, peyvəndin güvənli və effektli olması vacib amildir. Dünyada bir sıra xüsusi təşkilatlar vardır ki, peyvənd güvənliyini kontrol edərək lisenziya verilməsinə qərar verirlər.

Peyvəndlərin güvənliliyinə dair sosial mediada qarşılaşdığımız şərhlər təbii ki, insanlarda tərəddüd yaratmaqdadır. Peyvəndlərin içindəki dəstəkləyici maddələrin zərərli olması ilə bağlı fikirlər hər zaman ön plandadır. Bu baxımdan peyvəndlərdə olan dəstəkləyici maddələr haqqında bəzi gerçəkləri diqqətinizə çatdırmaq istərdik.

Nə üçün aluminium?

Aluminium duzları peyvəndlərə adjuvant olaraq əlavə edilməkdədir. Adjuvantlar peyvənd vurulan insanlarda immun cavabı gücləndirmək üçün lazımdır. Aluminium hidoksid, aluminium fosfat, potasium aluminium sulfat və qarışıq aluminium duzları şəklində ola bilər. Aluminium adjuvant olaraq 60 ilə yaxındır istifadə olunur və onun güvənliliyi sübut olunmuşdur. Aluminium nadir hallarda yerli reaksiyalara səbəb ola bilər. Məlumat üçün bildiririk ki, aluminiuma məruziyyətin ən önəmli qaynağı qidalar və içməli sulardır.

Nə üçün bəzi peyvəndlərdə antibiotik vardır?

Peyvəndlərin istehsalı zamanı bakteriyal yoluxmaların qarşısını almaq üçün antibiotiklərdən istifadə olunur. Bunun nəticəsində peyvənd içərisində düşük miqdarda antibiotik ola bilər. Bəzi uşaqlarda müəyyən antibiotiklər ciddi allergiyaya səbəb ola bilir. Ona görə bəzi valideyinlər peyvəndlərin içindəki antibiotiklərin zərərli ola biləcəyinə inanmaqdadırlar. Halbuki, ən çox allergiyaya səbəb ola biləcək antibiotiklər (məsələn pensilinlər, sefalosporinlər, sulfonamidlər) peyvənd istehsalı zamanı istifadə olunmamaqdadır və bu baxımdan narahatçılığa hər hansı bir əsas yoxdur. Adətən istifadə olunan antibiotiklər neomisin, polimixin B, streptomisin və gentamisindir. Məsələn, inaktiv infuenza virusu (qrip) peyvəndi istehsalında antibiotiklərdən istifadə olunur. Çünki, bu viruslar yumurtada çoxaldılır və yumurta da steril məhsul deyildir. Bu baxımdan başqa bakteriyaların çoxalmasının əngəllənməsi üçün antibiotikdən istifadə olunur və yekun istehsal zamanı çox-çox düşük miqdarda antibiotik peyvənd içində qala bilər. Lakin, bu günə qədər bununla bağlı ağır bir allergik reaksiya bildirilməmişdir.

Nə üçün formaldehid?

Formaldehid- virusların xəstəlik törətməsinin qarşısını almaq üçün inaktivasiya edilməsi və bakteriyal toksinlərin detoksifikasiya edilməsi üçün istifadə olunur. Peyvəndlərdən insanlara keçən formaldehid insanın öz bədənində olan formaldehidlə müqayisədə o qədər azdır ki, narahatçılıq doğuracaq hər hansı əsas yoxdur. Formaldehid insan bədənində də təbii olaraq istehsal olunmaqdadır. Ətraf mühitdə də formaldehid vardır. İnşaat materiallarında, məişət əşyalarının istehsalında istifadə olunmaqdadır. Orqanizm, artıq miqdarda olduqda formaldehidi davamlı olaraq özündən uzaqlaşdırır. Bunun üçün qaynağın peyvənd, insan orqanizminin özü vəya ətraf mühitin olması fərq etmir. Çalışmalar göstərmişdir ki, yeni doğulmuş bir uşağın bədənindəki formaldehid miqdarı peyvənddən alacaqları formaldehiddən 50-70 dəfə daha çoxdur. Bəli, yüksək dozda formaldehid xərçəng xəstəliyinə səbəb ola bilər, lakin formaldehid daha çox tənəffüs yolu ilə alındığından adətən formaldehidin sıx istifadə olunduğu işlərdə işləyənlərdə görülməkdədir.

Nə üçün thimerosal?

Thimerosal civə içərən orqanik birləşmədir. 1930-cu ildən dərman və peyvəndlərdə həyati təhlükə yaradabiləcək bakteriyal kontaminasiyaları əngəlləmək üçün istifadə olunur. Əvvəllər çox dozalı peyvəndlərdə istifadə olunurdu. Hazırda isə 6 yaş altındakı uşaqlarda vurulan peyvəndlərdən ya thimerosal tamamən çıxardılıb ya da çox-çox düşük səviyyəyə qədər endirilib. Bu maddənin autizm ilə əlaqəli olduğu görülmür. Bu gün adətən istfadə olunan və adları cəmiyyətimizə yaxından tanış olan İnfanrix Hexa, İnfanrix, Act-Hib, Priorix, Prevenar 13, Havrix peyvəndlərində isə thimoresal ümumiyyətlə yoxdur.

Bu yazını daha da genişləndirib yazmaq olar. Lakin, daha çox sualla qarşılaşdığımız peyvənd içərikləri haqqında yazmaq istədim. Məqsəd isə bundan ibarətdir ki, sosial şəbəkələr və yazılı mediada paylaşılan yalnış məlumatlarla insanlarda yaranan qorxu hissini bir az da olsa yüngülləşdirmək və insanlarımızı elmin işığında hərəkət etməyə dəvət etməkdir.

 

PhD Uzman Dr. Əli Quliyev