Yuxu, onun mərhələləri və xatırlanması

Bakı, 9 avqust, AZƏRTAC

Yuxu orqanizmin fiziki və ruhi sağlamlığını qoruyan ən əhəmiyyətli amillərdən biridir. İnsan həyatının təxminən üçdə biri yuxuda keçir. Adətən gecə yuxusu dörd mərhələdən ibarət olur. Birinci və ikinci mərhələ işıq yuxusu adlanır və yuxuya keçid sayılır. Üçüncü mərhələ isə delta yuxusu adlanır və həmin mərhələ beyin dalğaları sərbəst olur. Bu, dərin yuxunun ilk fazasıdır və həmin mərhələdə ən zəruri hormonları istehsal edilərək bədənin özünü bərpası üçün şərait yaranır. Dördüncü mərhələ isə yuxugörmə dövrüdür. Həmin mərhələdə beyin son dərəcədə aktivdir və gözlər qapalı olsa da, sanki oyaqmış kimi irəli-geri hərəkət edə bilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova deyib: “Yuxular gün ərzində keçirilən stres, travma və gərginliyə yatarkən şüuraltında verilən cavab reaksiyalarıdır, yəni heç bir yuxu gələcəkdən bəhs etmir. Sadəcə bəzən real həyatda həll olunmayan problemlər gecə yatarkən, bütün bədənin rahatlandığı zaman beyin öz işini davam etdirir və yuxuda bir sıra problemləri həll etməyə başlayır”.

Çox vaxt yuxuda görülənləri xatırlamaq çətin olur. Bu, bəlkə də ortaq problemdir, gecə görülən yuxular səhər oyananda yaddan çıxır. Psixoloq bunun səbəbləri olduğunu bildirir: “Yuxular beyin fəaliyyətinin ən güclü zamanında bir hormondan asılı olaraq noradrenalinin azalması nəticəsində görülür. Bəzən yatıb yuxu görməməyin səbəbi qanda noradrenalinin yüksəlməsidir. Gerçək həyatda baş vermə ehtimalı az olan vəziyyətlərlə əlaqədar görülən yuxuların sonradan xatırlanması mümkün deyil. Hansı mərhələdə oyanmaqdan asılı olaraq yuxuların xatırlanmama prosesi daha yüksək olur”.

Sutkada 7 saatdan az yatmaq xroniki xəstəliklərin inkişaf riskini artıra bilər. Bir çox mütəxəssislər hesab edirlər ki, yuxudan durmaqda çətinlik çəkmək yarımçıq oyanmağın əlamətidir. Bu, gün ərzində özünü yorğun hiss etməyə səbəb ola bilər. Bütün mərhələləri tamamlayaraq orqanizmin zəruri yuxu tələbatının ödənildiyi müddət isə 7 saat 45 dəqiqədir.