“Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursuna start verilib
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Yenidoğulmuşların reanimasiyası” üzrə növbəti beşgünlük praktik təlim kursuna start verilib. Doğuşayardım müəssisələrində çalışan tibb mütəxəssisləri üçün nəzərdə tutulan kurs perinatal yardıma dair Amerikanın Pediatrik Akademiyası və Amerikanın Kardioloji Assosiasiyasının beynəlxalq səviyyədə sertifikatlaşdırılmış təlim proqramı əsasında keçirilir. Təlim kursları Səhiyyə Nazirliyi tərəfindən akkreditə olunub. Təlimin kredit miqdarı 25 baldır. Kursu müvəffəqiyyətlə bitirənlər müvafiq sertifikatlarla təmin olunacaqlar.
Bu barədə AZƏRTAC-a İSİM-in mətbuat xidmətindən bildirilib.
İlk gün kurs iştirakçılarını Səhiyyə Nazirliyinin baş neonatoloqu Rüstəm Hüseynov salamlayaraq bildirib ki, yenidoğulmuşların həyata sağlam başlaması üçün həkimlər komandası tərəfindən ilk 30 dəqiqə ərzində atılan zəruri addımlar böyük əhəmiyyət daşıyır. İSİM-in təşkil etdiyi təlim kursunun vacib məsələyə həsr olunduğunu vurğulayan R.Hüseynov yenidoğulmuşlarda tez-tez rast gəlinən xəstəliklərin, xüsusilə də təcili və təxirəsalınmaz halların profilaktikası, erkən diaqnostikası və müalicəsinə dair ən müasir məlumatları iştirakçıların diqqətinə çatdırıb.
İştirakçılar İstanbul Mədəniyyət Universiteti Göztepe Təhsil və Araşdırma Xəstəxanasında “Neonatal Reanimasiya Proqramı (NRP)” üzrə beynəlxalq master-təlimçi kimi sertifikat almış Nahidə Mahmudovanın təqdimatı ilə son illər ərzində yenidoğulmuşların reanimasiyası zamanı istifadə olunan bilik və bacarıqlara baxış keçirdilər. Sonra tədbirdə komanda işinin aparılması və ölkə üzrə reanimasiya tədbirləri zamanı atılan addımların sənədləşdirilməsində müasir yanaşmalar müzakirə olunub.
Xatırladaq ki, teoretik və praktik hissədən ibarət təlimlərin məqsədi regionların doğuşayardım müəssisələrində çalışan tibb işçilərinin yenidoğulmuşlara keyfiyyətli tibbi yardım göstərmək, xüsusi avadanlıq və qurğular olmadıqda körpələrə ilkin ixtisaslaşdırılmış yardımı tətbiq etmək istiqamətində bilik və bacarıqlarını artırmaqdır.