Yaxşı xolesterinin yüksək olması bədənin aktivliyini göstərir

Bakı, 21 fevral, AZƏRTAC

İnsan orqanizminin hüceyrə qatı xolesterinlə əhatə olunur. Piyəbənzər maddənin üçdə iki hissəsi qaraciyər tərəfindən hasil edilir, qalanı isə qida ilə orqanizmə daxil olur. Hər kəsi qorxudan xolesterin orqanizmin sağlamlığı üçün vacib bir maddədir. Ancaq insanların əksəriyyəti elə hesab edir ki, növündən asılı olmayaraq, qanda xolesterinin artıq olması riskli və sağlamlıq üçün təhlükəlidir.

AZƏRTAC xəbər verir ki, həkim-endokrinoloq Lalə Şamxalovanın dediyinə görə, xolesterinin yaxşı və pis növləri var: “Yaxşı xolesterinin yüksək olması bədənin aktivliyini göstərir. Lakin elə xolesterin var ki, bilavasitə ürək damarlarında tıxanıqlıq yaradır və onun səviyyəsinin 150-dən aşağı olması məsləhətdir. Əsasən heyvani mənşəli qidaların qəbul edilməsi ilə qanda xolesterinin səviyyəsi yüksəlir. Onu artıran səbəblər sırasına siqaret çəkmək, alkoqollu içkilərin qəbulu, aktiv olmayan həyat tərzi də daxildir. Xolesterini yuxarı qaldıran səbəblərdən biri də hamiləlikdir”.

Aşağı sıxlıqlı pis xolesterin qanda yüksək miqdarda olduqda ürək-damar, öd kisəsi, şəkərli diabet xəstəlikləri qaçılmaz olur. Qanda yağlılığın yaranması qidalanmadan asılıdır. Həkim-endokrinoloq onu da əlavə edib ki, yaxşı xolesterin orqanizm üçün olduqca əhəmiyyətlidir: “Xolesterin B vitaminin, böyrəküstü vəz hormonunun sintezini həyata keçirir və orqanizmdə müəyyən balansda olması lazımdır. Əvvəllər qanda xolesterin artıqlığına daha çox 35-50 yaş civarında rast gəlinirdisə, indi hətta uşaqlarda da artıq çəki, qeyri-düzgün qidalanma, fastfud qidalara meyillik, oturaq həyat tərzi və az hərəkətlilik ona səbəb olur”.

Orqanizmdə xolesterin çoxluğunu dəriyə baxmaqla da bilmək mümkündür. Üzdə, xüsusilə də göz ətrafında ağ və sarı ləkələrin olması həmin xəstəliklərdən xəbər verir. Baş ağrıları, başgicəllənmə, yaddaş zəifliyi də digər amillər sırasındadır.