Yaşıllıq zonaları uşaqlarda beynin inkişafını yaxşılaşdırır

Yeni bir araşdırmaya görə, yaşıl bitki örtüyü ilə zəngin ərazilərdə yaşamaq uşaqlarda Diqqət Yetərsizlik Hiperaktivlik Sindromu (DYHS) və autizmin inkişaf riskini daha hamiləlik dövründə azaldır.

Azmedinfo.az “Environment International” jurnalında dərc olunan araşdırmaya diqqət çəkib.

Məqalədə bildirilir ki, ana bətnində ikən, eləcə də körpəlik dövründə yaşıl zonaların yaxınlığında yaşayan uşaqlarda beyin inkişafı pozğunluğu riski daha aşağı olur.

Rutgers Universitetindən Stefaniya Papateodorunun izah etdiyi kimi: “Nəticələrimiz göstərir ki, şəhər mühitində yaşıl zonalara çıxışın genişləndirilməsi uşaqlarda sinir sisteminin erkən inkişafına şərait yarada bilər və sinir sistemi inkişafında gecikmələrin qarşısını almağa kömək edər”.

Hələ ki, yaşıl zonaların ana bətnində beyin inkişafına necə təsir etdiyi tam aydın deyil, lakin alimlərin bəzi fərziyyələri var. Onlar hesab edirlər ki, yaşıl zonalarda olmaq stres və depressiyanı azaldır, sosial fəallığı artırır, səs-küy və yüksək temperaturun təsirini azaldır ki, bu da körpələrin inkişafına müsbət təsir edə bilər.

Tədqiqat çərçivəsində alimlər Medicaid proqramına daxil olan 1,8 milyon “ana–uşaq” cütlüyünün məlumatlarını analiz ediblər. Yaşıl zonalara çıxış dərəcəsi peyk görüntüləri və poçt indeksləri ilə ölçülüb.

Nəticələr göstərib ki, anaları yaşıl zonaların yaxınlığında yaşayan uşaqlarda intellektual pozuntuların inkişaf riski 34%, autizm riski isə 17% aşağı olub.

Bundan əlavə, yaşıl zonaların yaxınlığında böyüyən uşaqlarda təhsil ilə bağlı çətinliklərin yaranma riski 19% azalıb.

Papateodorunun sözlərinə görə: “Biz yaşıl ərazilərlə yaşayış yerinin yaxınlığı ilə sinir sistemi inkişafı göstəriciləri arasında hamiləlikdən əvvəl, hamiləlik zamanı və erkən uşaqlıq dövründə müsbət əlaqə müşahidə etdik, bu isə müxtəlif bioloji mexanizmlərin iştirakına işarə edir”.

Araşdırmalar göstərib ki, bu müsbət təsir daha çox şəhərlərdə yaşayan, xüsusilə afroamerikalı və latın ailələrindən olan uşaqlarda daha güclü hiss olunur.

Papateodorunun sözlərinə görə: “Yaşıl ərazilərin az olduğu şəhər mühitində onların daha çox fayda verdiyi müşahidə olundu. Bu nəticələr yaşıl məkanların artırılmasının şəhər uşaqlarının sinir sisteminin inkişafına dəstək ola biləcəyini göstərir”.

Bununla belə, alimlər qeyd edir ki, bu araşdırma yaşıl zonalarla beyin inkişafı arasında birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir. Uşaqlarda inkişaf pozuntularına digər amillər də təsir göstərə bilər.

Gələcəkdə alimlər yaşıl zonaların beyin inkişafına necə təsir etdiyini və park, gəzinti yolu, oyun meydançası kimi fərqli yaşıl sahələrin təsirində fərqliliklərin olub-olmadığını araşdırmağı planlaşdırırlar.