Vaxtından əvvəl doğulan uşaqlarda bu risk yüksək olur

Respublika Perinatal Mərkəzdə “Azərbaycanda mamalıq və ginekologiyanın bəzi problemlərinə aktual yanaşma” mövzusunda konfrans keçirilib.

e-tibb.az APA-ya istinadən xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova, Tibb Universitetinin II mamalıq və ginekologiya kafedrasının müdiri Hicran Bağırova və digər mütəxəssislər iştirak ediblər.

Tədbirdə çıxış edən baş mama-ginekoloq S. Məmmədova qeyd edib ki, yeni beynəlxalq meyarlar əsasında artıq hamiləliyin 22-ci həftəsindən tez olmayaraq doğulan körpənin bədən çəkisi 500 qramdan çoxdursa və onda hər hansı həyat əlamətləri müşahidə edilirsə, o, diri doğulmuş uşaq sayılır: “22-ci həftədən 37-ci həftəyə kimi bütün doğulanlara vaxtından əvvəl diri doğulan uşaqlar deyilir. Diri doğulma meyarlarına 2015-ci il yanvarın 1-dən keçmişik. Artıq çəkisi 1 kq-dan aşağı olan uşaqların yaşamasına görə müəyyən tədbirlər görülür”.

O, həmçinin əlavə edib ki, vaxtından əvvəl doğulan uşaqların əlillik faizi yüksək olur.

Tədbirdə hiperandrogeniya sindromundan da söz açılıb. Bildirilib ki, qadınlarda hiperandrogeniya endokrinopatiyalara aid olub, qadın orqanizmində kişi cinsi hormonlarının sekresiyasının artması və ya onların yüksək aktivliyi ilə xarakterizə olunur. Simptomatikada oxşar, lakin patogenezdə fərqli olan müxtəlif sindromlar maddələr mübadiləsi, aybaşı və reproduktiv funksiyaların pozğunluqları, androgen dermopatiya ilə təzahür edir. Qeyd olunub ki, son illər bu sindrom ən vacib terminlərdən biridir. Bu sindrom olan qadınlar xarici görünüşünə görə kişini xatırladır. Bildirilib ki, sindromla bağlı araşdırma reproduktiv dövrdə olan 18-45 yaş arası 327 qadında aparılıb. Bu dövrdə bir neçə faktorlar öyrənilib.