Uşaqlarda sidik yolları infeksiyası: İki dəfədən çox olarsa...

İki və ya daha çox sayda yüksək qızdırma ilə müşayiət olunan sidik yolları infeksiyası keçirən uşaqların dörddə birində böyrəklərdə çapıq (yara, skar) əmələ gəlir.

Bunu uşaq urologiyası uzmanı Pərviz Hacıyev açıqlayıb.

Həkim qeyd edib ki, uşaqlarda sidik yolları infeksiyası və sidik axarı reflüksü ilə bağlı aparılan 2 tədqiqatın (RIVUR və CUTIE) analizi göstərib ki, keçirilən hər yüksək qızdırmalı sidik yolları infeksiyası böyrəklərdə qalıcı yaralar əmələ gətirir.

Keçirilən bir infeksiyadan sonra bu ehtimal 2,8% olur. İkinci dəfə sidik yolları infeksiyasından sonra bu ehtimal 25,7 faizə yüksəlir:

“Əgər övladınızda yüksək hərarətli sidik yolları infeksiyası varsa və ya səbəbi açıqlanmayan yüksək hərarət qeydə alınırsa, sidik analizi verin. Sidik yolları infeksiyası aşkarlanarsa, həkiminizə müraciət edin, müalicə etdirin. İnfeksiyanın səbəbi araşdırılmalıdır”.

 

e-tibb.az