Uşaqlarda serebral iflicin müalicəsində xəstəliyin erkən aşkarlanması vacibdir

Bakı, 7 iyun, AZƏRTAC

Serebral iflicin erkən aşkarlanması xəstəliyin müalicəsində, uşağın zamanında reabilitasiyası və cəmiyyətə inteqrasiyası prosesində mühüm məsələdir.

AZƏRTAC xəbər verir ki, bunu Bakı Baş Səhiyyə Mərkəzinin direktor müavini Ləman Mursaqulova “Uşaq serebral iflici, yeni və unudulmuş aspektlər” mövzusunda konfransda deyib.

BMT-nin Uşaq Fondunun (UNICEF) uşağın erkən inkişafı üzrə eksperti, Kliniki Tibbi Mərkəzin nevroloqu Təranə Seyid-Məmmədova uşaq serebral iflici üzrə dünya statistikası, yeni təsnifatlar, erkən aşkarlanma alqoritmi, eyni zamanda serebral iflic zamanı yanaşı gedən vəziyyətlərə yanaşmanın yeni aspektləri barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb: “Serebral iflic zamanı Kanadanın MakMaster Universiteti tərəfindən işlənib hazırlanan və bütün dünyada geniş istifadə edilən Böyük Motor Funksiyalarının Təsnifat Sistemini (GMFCS) gündəlik təcrübədə istifadə etmək vacibdir, çünki bu təsnifata əsaslanaraq uşağın hazırda necə hərəkət etməyi haqqında və gələcək üçün yerimə proqnozunu vermək mümkün olur. Eyni zamanda, serebral iflicin erkən aşkarlanması üçün üçpilləli alqoritmdən istifadə etmək zəruridir”.

UNICEF-in milli təlimçisi, nevroloq Sidiqə Süleymanova “Serebral iflicinin erkən aşkarlanması” mövzusunda danışıb: “Serebral iflic zamanı böyük və kiçik motor funksiyaların əldəolunma müddəti ləngiyir. Bu ləngiməni vaxtında aşkarlamaq üçün standart vasitədən istifadə etmək vacibdir. Azərbaycanda standart vasitə kimi Türkiyənin Ankara Universiteti tərəfindən işlənib hazırlanan və restandartizasiya tələb etməyən Beynəlxalq İnkişafın Dəstəklənməsi və İzlənilməsi Rəhbərliyindən (İDİR) istifadə etmək olar. İDİR-i istifadə edərək 0-42 aylıq uşaqların tək hərəki funksiyalarını deyil, həmçinin serebral iflic zamanı müşahidə olunan nitq, sosial-emosional, adaptiv davranış sahələrində də ləngimələri erkən olaraq aşkarlamaq mümkündür”.

Fizioterapiyanın İnkişafına Kömək İctimai Birliyinin rəhbəri, pediatr Nuranə Abdullayeva uşaq serebral iflici olan uşaqların reabilitasiyasının əsasları barədə konfrans iştirakçılarına məlumat verib: “Bir sıra hallar var ki, onlar serebral iflic diaqnozu altında gizlənə bilir. Reabilitasiyanın əsas istiqamətlərindən biri isə müvafiq həkim-mütəxəssislər tərəfindən aparılan tibbi nəzarət tədbirləridir”.