Uşaqlarda qol (dirsək) çıxıqları. Dadı (baxıcı) dirsəyi nədir? Həkim Nərmin Əzizova
Uşaqlarda qol (dirsək) çıxıqları. Dadı (baxıcı) dirsəyi nədir?
Təcili olaraq ailələrin xəstəxanaya müraciətlərindən biri də “Uşağım qolunu tərpədə bilmir” şikayətidir. Uşaqlarda qol (dirsək) çıxıqlarına xüsusən 1-4 yaş arası daha çox müşahidə edilir. Türk mənbələrinə əsasən, bu hala balaca qız uşaqlarında xüsusən sol qolda olmaqla daha çox rast gəlinir. Yaşın artması ilə, xüsusən 5 yaşından sonra müşahidə edilmə tezliyi azalır. Kiçik yaşlı uşaqlarda tez-tez rast gəlinmənin səbəbi isə sümükləri saxlayan vətərlərin tam olaraq formalaşmamısıdır.
“Baxıcı dirsəyi” də adlandırılan bu hal ön qol çıxığına verilən addır. Bu hal tamamilə anatomik vəziyyətlə əlaqəlidir.
Uşaqlarda qol (dirsək) çıxıqları niyə olur?
1 yaşdan aşağı uşaqlarda daha çox yuxuda fırlanmaya və ya iməkləməyə bağlı olaraq qolun bədənin altında qalmasına bağlı olaraq müşahidə edilir. 1 yaşdan yuxarı uşaqlarda isə “Baxıcı dirsəyi” daha çox ana-ata uşağın qolunu yuxarıya doğru dartması, əl biləyindən asılma, qaldırma və ya döndərmə kimi güc edilməsi nəticəsində olur.
Baxıcı dirsəyinin əlamətləri hansılardır?
Qolun çəkilməsindən sonra uşaq ağlamağa başlayır və narahat olur. Uşaq həmin qolunu hərəkət etdirə bilmir. Hərəkət olduqda qəflətən ağlayır. Hətta bəzən yüngül şişkinlik ola bilər. Uşaq qollarını açma-qapama hərəkətləri edə bilər. Amma, bu zaman ağrı olduğundan qolunu döndərə bilməz. Uşaq qolunu yanda, dirsəyi yüngül qıvırmış və ön qol içəriyə dönmüş şəkildə saxlamağa çalışır.
Necə müalicə edilir?
Həkiminiz mil sümüyün başını yerinə gətirməklə müalicə edəcəkdir. Bir qayda olaraq rentgen müayinəsinə ehtiyacı yoxdur. Sadə oturtma manevri ilə oynaq normal hala gətirilir. Həkimin müdaxiləsindən sonra xəstə 5-10 dəqiqə sonra əl-qolunu rahatlıqla hərəkət etdirəcəkdir. Hər 20 uşaqdan birində “baxıcı dirsəyi” təkrarlana bilinər. Ona görə də ailələr mütləq bu mövzuda məlumatlandırılmalı və uşağın qolunu dirsəkdən dartmamağa diqqət etməlidirlər.
Həkim Nərmin Əzizova, Pediatriya.az saytının təsisçisi