Uşaqlarda nevroloji problemlər və onların fəsadları
Bakı, 10 oktyabr, AZƏRTAC
Son vaxtlar uşaqlarda nevroloji problemlərə tez-tez rast gəlinir. Mütəxəssislərin fikrincə, buna ekoloji pozuntular, ananın hamiləlik dövründə keçirdiyi stresslər, düzgün qidalanmamaq, vaxtında lazımi müayinələrdən keçməmək və s. hallar səbəb olur. Ölkəmizdə ən çox təsadüf olunan nevroloji problemlərdən biri uşaq serebral iflicidir. Araşdırmalar göstərir ki, nevroloji xəstəliklərə görə həkim nəzarətində olan uşaqların 90 faizində onurğa əyilməsi baş verir.
Bu barədə AZƏRTAC-a müsahibəsində Bakı Sağlamlıq Mərkəzinin həkim-nevroloqu Sevinc Salamova məlumat verib.
Həkim deyib: “Valideynlər nevroloji əlamətləri olan uşaqlarının onurğa əyilməsi ilə üzləşə biləcəyindən xəbərdar olmalıdırlar. Ona görə də uşaq nevroloqla bərabər vertebroloqun da nəzarətində olmalıdır ki, onurğa əyriliyi baş verməsin.
Həmin uşaqlarda ölüm hadisəsi nevroloji diaqnozdan deyil, daha çox skoliozdan baş verir. Onlar nevroloji diaqnoza görə müalicə alaraq uzun illər həyatların davam edə bilirlər. Lakin əyilmiş onurğa ürəyin yerini dəyişməsinə, ağciyərin sıxılmasına və nəticədə ürək-damar çatışmazlığı səbəbindən ölümlə nəticələnə bilər.
Uşaq serebral iflicində 25, miopatiyalarda 60-65, hemoplegiyalarda 90, anadangəlmə və sonradan onurğa zədələnməsində 100 faiz onurğa əyilməsi gözlənilir”.