Uşaqlarda bu simptomlara diqqət yetirilməlidir

Rezidentlər maraqlı mövzularda təqdimat keçirdilər

ATU-nun Tədris Terapevtik Klinikasının Uşaq Kardiorevmatologiya şöbəsinin rezidentlərinin iştirakı ilə keçirilən müzakirələr artıq ənənəvi xarakter alıb. Bu gün keçirilən növbəti belə toplantıda  Professor Surxay Musayev gənc rezident-həkimlər tərəfindən hər dəfə yeni bir mövzu ilə bağlı təqdimat keçirməsinin onların gələcək inkişafına müsbət təsir göstərdiyini bildirdi.

Bu dəfəki müzakirədə rezident Arzu Məmmədli “Uşaqlarda ezofagit və differensial diaqnostikası” mövzusunda çıxış edib. Bildirib ki, ezofagit – qida borusunun selikli qişasının iltihabı ilə müşayiət olunan xəstəlikdir. Çoxamilli xəstəlik olan ezofagitin ezofaqal simptomlarına – yanğı hissiyyatı, gəyirmə, disfagiya aid edilir. “Bu xəstəliyi olan uşaqlar davamlı qusma və qaytarma simptomlarından əziyyət çəkir. Bundan əlavə, “həyəcan simptomlarına” da diqqət yetirilməlidir: respirator pozuntular, bədən çəkisinin azalması və s. Bundan əlavə xronik öskürək simptomları ilə müşayiət olunan patoloji hallar zamanı ezofagit də istisna olunmalıdır. Əsas müayinə üsullarından rentgenoloji və endoskopik müayinələri göstərmək olar. Pəhrizlə yanaşı, müalicə sxeminə antasid, prokinetik, antisekretor preparatlar daxildir.”

Digər məruzə isə rezident İlahə Bədəlovanın “Yad cismin aspirasiyası sindromu” mövzusu ilə bağlı idi. İlahə Bədəlova qeyd etdi ki, pediatrik tənəffüs yollarına yad cisimlərin aspirasiyası çox hallarda respirator distress, ağırlaşmalar və hətta ölümlə nəticələnə bilir. Rezident vurğuladı ki, bu sindrom daha çox 3 yaşından aşağı olan uşaqlarda tez-tez müşahidə edilir: “Yad cismin aspirasiyası nəticəsində yaranan simptomlar müxtəlifliyi ilə seçilir, əsasən yad cismin ölçüsü, tıxandığı yer və aspirasiyanın kəskin və ya xronik olmasından asılı olur. Uşaqlar bəzi hallarda heç bir narahatçılıq hiss etməyə bilər, və ya tənəffüs çatışmazlığı ilə xəstəxanaya çatdırılmış ola bilər. Bəzi uşaqlarda aspirasiya vaxtında müəyyən edilmir, onlar uzun müddət digər xəstəliklərdən, xüsusilə də, bronxial astma və xroniki (kəskin) bronxitdən, yuxarı tənəffüs yollarının infeksiyalarından müalicə alırlar. Lakin, müalicə tədbirləri həmin uşaqlarla heç bir müsbət nəticə vermir. Yalnız bronxoskopiya zamanı yad cisimlər müəyyən edilir. Bəzi hallarda döş boşluğunun rentgen filmində yad cisimlər görünməyə də bilər”. İ.Bədəlova qeyd edib ki, təsvir edilmiş simptomlarla müraciət zamanı həkim mütləq  yad cismin aspirasiyasını diqqətdə saxlamalıdır.

Təqdimatdan sonra iştirakçılar arasında qızğın müzakirələr aparıldı. Kafedranın əməkdaşları Ələkbər Həsənov, İradə Səfərova, Ülviyyə Hacıyeva və Lalə Hidayətova klinik təcrübə zamanı müşahidələrini bölüşdülər.

Tədbir şöbədaxili cari problemlərin müzakirəsi ilə davam etdi.