Uşaqlarda boy artımı
Bakı, 29 mart, AZƏRTAC
Uşaqların sağlam inkişafı dedikdə ilk ağla gələn həm də onların boy məsələsidir. Müasir dövrdə körpələrin çoxunun boyunun çəkisinə uyğun olmaması xüsusilə valideynlərin narahatlığına səbəb olur. Onların əksəriyyəti övladlarının ləng inkişafına mane törədən məsələləri müəyyənləşdirə bilmirlər. Həkim-pediatrlar həmin problemi ilk növbədə genetik faktorlar, düzgün qidalanmamaq, normal yuxu rejiminin olmaması və digər məsələlərlə əlaqələndirirlər.
Həkim-pediatr Günay Rəsulova deyib: “Boy hormonu uşaqlarda bəlli saatlarda sintez olunur. Gec yatan, vaxtında yatmayan uşaqlarda yuxu hormonu sintezi zəifləyir və azalır. Beləliklə uşaqlar zəif boy artırlar. Bundan başqa stres faktoru uşaqların boy artmasına təsir göstərir, yəni xroniki stresdə, gərginlikdə olan uşaqlarda boy artımı ləngiyir. Ona görə uşaqları stresdən maksimum uzaq saxlamaq lazımdır”.
Həkimlərin dediyinə görə, hətta bəzi dərman preparatları da uşaqların boy artımına əngəl olur, onların sinir sisteminə mənfi təsir göstərir. Boy inkişafı ən çox cinsi yetişkənlik dövründə başlayır. Həmin yaş dövründə hansısa problemlə üzləşmə zamanı mütləq müayinədən keçmək lazımdır. Həmçinin qida amili də körpələrdə boy artımına kömək edən mühüm faktorlardan biridir.
Böyümə prosesinə müsbət təsir edən əsas qidalara lobya, toyuq əti, badam, tərəvəzlər, şirin kartof, yumurta, giləmeyvələr və süd məhsulları daxildir. Bütün bunlar nə qədər erkən tətbiq edilsə, uşaqda bir o qədər sağlam inkişaf gedər.