Uşaqlara öskürək başlayan kimi dərmanlar, siroplar vermək lazımdırmı? Pediatr RƏYİ

“Son zamanlar öskürəklə müşahidə olunan xəstəliklər artmaqdadır. Öskürmək bizim müdafiə mexanizmimizdir. Öskürməklə biz tənəffüs yollarımızda olan maddələri, virusları, selik, bəlğəm və sair şeyləri kənarlaşdırırıq. Bu vasitə ilə tənəffüs yollarımız təmizlənir. Ona görə öskürəyi mütləq olaraq pis deyə dəyərləndirə bilmərik. Hətta bu, bizim xeyrimizədir, deyə bilərik. Ona görə də öskürək başlayan kimi onun əleyhinə dərhal dərmanlar vermək doğru deyil”.

e-tibb.az-ın xəbərinə görə, bunu pediatr-neonatoloq, uzman həkim Altay Abdullaoğlu açıqlayıb.

Həkim bildirib ki, xüsusilə də, körpələrə öskürək əleyhinə dərmanların verilməsi tövsiyə olunmur. Onun sözlərinə görə, digər bir əhəmiyyətli məqam isə öskürək dərmanlarını uşaqlara verməzdən öncə araşdırılmasıdır: “Uşaq niyə öskürür və səbəbi nədir? Bu sinuzitlə, boğaz iltihabı, qırtlaq, traxeya, bronx və yaxud ağciyər xəstəlikləri, viruslar, göyöskürək, xüsusi atipik mikroblar, bakterial infeksiyalarla əlaqədar ola bilər. Ona görə dönə-dönə vurğulayırıq ki, səbəb araşdırılmalı və səbəbə görə də dərman təyin olunmalıdır. Müalicə səbəbə yönəlik aparılmalıdır. Bəzi xəstəliklər müalicə olunmur.

Məsələn, göyöskürək xəstəliyi uşaqlarda uzun müddət davam edən fasiləsiz öskürəyə səbəb olur. Bu xəstəliyin köklü müalicəsi yoxdur. Ona qarşı yazılan dərmanlar ancaq şikayətləri bir az azalda bilər. Virus infeksiyalarında da belə ola bilər. Bəzən 1 ay davam edən öskürək halı olur. Bu zaman həkimin edəcəyi heç bir iş olmur. Sadəcə olaraq, gözləmək lazım gəlir. Amma mikrob və bakteriyalar zamanı antibiotiklərin təyini ilə bunun öhdəsindən gəlmək olur. Valideynlərin bunu bilməsi çox əhəmiyyətlidir, çünki bəzən uşaq göyöskürək xəstəliyinə yoluxur, valideyn isə onun müalicə olunmadığından xəbərsiz olduğundan çoxlu həkimlər gəzir və dərmanlar istifadə edir. Nəticə olaraq deyə bilərik ki, bir az öskürmək normaldır, bir həddə kimi öskürək bizim üçün faydalıdır, bizi qoruyur. Öskürək siroplarının hər zaman və həmin an verilməsi doğru deyil, xüsusilə azyaşlı körpələrə tövsiyə olunmur. Öskürək siropları hər zaman öskürəyin qarşısını ala bilmir, çünki bəzi xəstəliklərdə nə etsək də, öskürək müəyyən vaxta qədər davam edəcək. Öskürəyi deyil, səbəbi tapmaq və mümkünsə onu müalicə etmək lazımdır”.

e-tibb.az