Uşağın məktəbə hazırlığı: valideynlər üçün bir sıra tövsiyələr. Həkim Nərmin Əzizova

Uşağın məktəbə hazırlığı: valideynlər üçün bir sıra tövsiyələr

Məktəbə getmək təkcə yazıb-oxumağı öyrənmək deyildir. Məktəbə zehni, fiziki, psixi və sosial olaraq hazır olmaq lazımdır.

Uşağın məktəbə hazır olub-olmaması məsələsi bir çox valideyni narahat edir. İlk baxışdan bu narahatçılıq tamamilə normal hesab edilə bilər. Bir sıra hallarda bəzi məktəblərdə müəyyən dərs yükünün olması narahatçılığı artıran amillərdən hesab edilə bilər.

Uşaqların təqvim yaşı ilə onların psixoloji inkişafı arasında uyğunsuzluq ola bilər. Fiziki inkişaf boy, çəki, əzələ gücü və motor inkişaf ilə qiymətləndirilir. Bəzən ağır məktəb çantasının daşınması belə fiziki inkişafı zəif olan uşaq üçün çətinlik yarada bilər.

Fiziki inkişafın yaşına uyğun olması onun psixi inkişafının da yaxşı inkişaf etməsinə dəlalət etmir. Uşağın hazırlanmış təhsil sisteminə, öz gigiyenasını qorumağa və bunun vacibliyini başa düşməyə, ehtiyaclarını özünü təmin etməyi bacarmalıdır.

Evdən, ana və atadan ayrı qalmaq, oyunlara qoşula bilmək, özünü ifadə edə bilmək baxımından uşaqların psixi inkişafı dəyərləndirilməlidir.

Son aparılan tədqiqatlarda bir ailədən uşaqların (bacı-qardaşlar) eyni məktəbdə oxuması onların təhsil qabiliyyətini yaxşılaşdırır. Həmçinin məktəblərin evə yaxın məsafədə yerləşməsi vacibdir.

Uşaqların məktəbdə qidalanması

Uşağın məktəbdə olduğu müddətdə qidalanması aktual problemlərdən hesab olunduğundan valideynlərin uşaqlara məktəbdə istifadə üçün qida seçimində xüsusilə diqqətli olmaları tövsiyə olunur. Bu zaman qidanın növü, onun keyfiyyəti və saxlanma şəraitinə xüsusi diqqət yetirilməlidir. Mümkün dərəcədə qida seçimi zamanı hazır qidalardan istifadə edilməməlidir.

Allergik xəstəliyi, daimi dərman qəbul etməli olan uşaqlar

Allergik xəstəlikdən əziyyət çəkən uşaqlar barəsində valideynlərin öncədən məktəb (sinif) rəhbərliyinə məlumat vermələri labüddür. Uşaq daimi olaraq dərman qəbul etməlidirsə, bu barədə də müəllimlərin öncədən məlumatlı olmaları məqsədəuyğundur.

Məktəbəhazırlıq müayinələri

Uşaqlar məktəbə getməmişdən əvvəl fiziki inkişaf, görmə, eşitmə müayinələrindən, həmçinin zəruri hallarda psixi və zehni inkişaf dəyərləndirilmələrindən keçməlidirlər.

Uşaq məktəbə getməyə başladıqda ağlayırsa və məktəbə getməkdən imtina edirsə nə etmək lazımdır?   

Uşağın qayğısını artıran əsas məsələnin nə olduğunu aşkarlamaq lazımdır. Evdən çıxma, ananı bir daha görə bilməmə, uşaqlar arasında öyrəşmə problemi, evdə və məktəbdə öyrəşməyə kömək edilməmə ağıla gəlməlidir. Uşağınız xüsusən evə və ya ailəyə geri qayıtmama xəyalları quraraq narahatlığı daha da artır. Belə olduqda dərs başlasa da qapı da onu gözlədiyini bilməsi onu rahatladacaqdır. Səbirlə davranmalı, əgər məktəbdən ayrılacaqsızsa ona bunu izah edib sağollaşmalısız.

Əlavə qeydlər:

  • Valideyn (imkan olduqda hər iki valideyn) müəllimə ilə əvvəlcədən tanış olmalıdır;
  • Valideyn uşağın özünə qulluq etmək vərdişlərini öyrətməlidirlər (xüsusilə əl yuma və tualet vərdişləri);
  • Valideynlərin məktəbə gedən uşaqlarına evin ünvanını və telefon nömrələrini öyrətmələri müsbət haldır;
  • Bəzi uşaqlarda valideynlərinin onları məktəbdə tək qoyacağı və onları məktəbdən götürməyəcəkləri qorxusu (narahatlığı) olur. Bu səbəbdən də uşaqlara onların kiçik yaxşlarında məktəbin həyətində olacaqları, bir qədər böyük yaşlarda isə dərs bitən kimi onları məktəbin (sinifin) girişində gözləyəcəkləri bildirilməlidir.

Uşaq məktəbə getməyə başladıqda nələri bacarmalıdır (minimal tələblər)? 

  • Uşaq diqqətli olmağı bacarmalıdır. Ən azından bir işə 7-8 dəqiqə ərzində diqqət yetirməlidirlər;
  • Uşaq sadə insan şəklini çəkməyi bacarmalıdır. Bu zaman baş, qol, ayaq cizgiləri sərbəst ifadə edilməlidir;
  • Uşaq hisslərini aydın ifadə etməyi bacarmalıdır;
  • Uşaq ilin fəsillərini, həftənin günlərini, bir qədər əlifbanı ( o cümlədən, yumru, üçbucaq və sair fiqurları bilməlidir), saymağı bacarmalıdır;
  • Uşaq həmyaşıdları ilə dost əlaqələri qurmağı bacarmalı, oyun oynamağı, sırasını gözləməyi, oyun qanunlarını öyrənməyi bacarmalıdır;
  • Uşaq gigiyenik qaydalara (əl yuma, diş fırçalama) riayət etməyə bacarmalıdır;
  • Uşaq tualetini özü etməyə bacarmalıdır;
  • Uşaq özünə məxsus olan əşyaları bilməli, tanımalı və özü toplamağı bacarmalıdır.

Məktəb dövründə uşaqlar tərəfindən qarşıya çıxa biləcək problemlər:

  • Ayrılıq qayğısı, valideynlərdən ayrılma çətinliyi;
  • Məktəb fobiyası;
  • Dostluq edilmədə çətinlik;
  • Məktəb və dərs qanunlarına tabe olmaqda çətinlik;
  • Özünə inamsızlıq;
  • Hiperaktivlik, diqqət defisiti;
  • Məktəb və ev tapşırıqlarını yerinə yetirməkdə çətinlik.

Əlavə qeydlər:

  • Uşağınızın nisbətən müstəqil həyata qədəm qoyduğu günü anlayışla qəbul etməyiniz tövsiyə olunur. Uşaqların bir çoxu bu tarixdə gərginlik içərisində olurlar və bu zaman özlərini saxlaya bilməyib ağlaya bilərlər. Onlar ilə sakit söhbət edin, hər bir şeyi izah etməyə çalışın. Valideynlər uşağın məktəbə gedəcəyi günü adi gün kimi özlərini aparmalı, qorxudacaq hisslərdən uzaq olunmalıdır;
  • Məktəb fobiyası (qorxusu) dedikdə, məktəb saatları gəldikdə həyəcanlama, ürəkbulanma, qarın və ya baş ağrısı kimi əlamətlər başa düşülür. Bu zaman uşaqlarda iştahsızlıq, sidiyə tez-tez getmə, yuxu pozğunluğu müşahidə edilə bilər. Uşağın məktəbdən qorxusunun olmasının müvəqqəti hal olduğunu istər valideyn, istərsə də uşaq qəbul etməli və öz hərəkətlərinə (davranışlarını) buna uyğunlaşdırmalıdır;
  • Uşağın təlaş keçirdiyini, həyəcanlandığını müşahidə edib onunla bu yöndə zarafat etməyə, onu utandırmağa çalışmayın;
  • Uşağının məktəbdən (sinifdən) geri qayıtdıqda və ya buna cəhd etdikdə, qətiyyən ona güzəşt etməyin, onu təkrarən sinifə (məktəbə) göndərin;

Xüsusilə qeyd etmək istərdik ki, uşağınız məktəbə getməzdən öncə onun peyvənd cədvəlinə əsasən tam peyvənd olunmasını təmin etməyiniz ciddi tövsiyə olunur.

Uşağınızın məktəbə getməyə hazır vəziyyətdə olduğunu necə başa düşmək olar?

Zehni inkişafın, görmə, eşitmə, başa düşmə və onları yadda saxlama qabiliyyətinin, məntiqli düşünə bilməsinin, səbəbli nəticə əlaqəsinin, gələcəyə dair planların qura bilməsinin və kifayət qədər qavramanın olmasının vacibliyi. Düşünmə və danışma bir biri ilə əlaqəlidir. Ona görə də uşaq, düşündüklərini rahatlıqla izah edə bilməlidir. Uşağın hərfləri bilməsi, hətta onu yaza bilməsi məktəbə tam hazır olduğunu göstərmir. Qeyd olunanlar mühüm əhəmiyyət daşısa da, bunların tək olması kifayət deyildir. Bəzi hallarda uşağın psixi inkişafı və sosial yönümlü olması daha vacib ola bilər.

Uşağınızın məktəbə getməyə tam hazır olub-olmamasını aşağıdakı suallar ilə də qismən müəyyən edə bilərsiz

  • Uşağınız özü 15-20 dəqiqə oynaya bilir?
  • Uşağınız valideynlərdən kənarda özünü idarə edə bilir?
  • Uşağınız özü tualetə gedə bilir? Bu zaman təmizliyini köməksiz qoruya bilir?
  • Uşağınız yaşıdları ilə birgə vaxt keçirə bilir?
  • Uşağınız könüllü olaraq hər hansı fəaliyyətə qoşula bilir?
  • Uşağınız özü üst paltarını, ayaqqabısını geyinib-soyuna bilir?
  • Uşağınız yeməyini köməksiz yeyə bilir?
  • Uşağınız tam cümlə qurararaq özünü ifadə edə bilir?
  • Uşağınız qələmi düzgün tutub istifadə edə bilir?
  • Uşağınız rəngləri və sayları tanıyır?
  • Uşağınız başladığı işi qurtara bilir?
  • Uşağınız hisslərini kontrol edə bilir?
  • Uşağınız qanunlara tabe olmaq istəyir?

Nərmin ƏZİZOVA

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı