Uşağın Məktəbə Hazırlığı: Valideynlər Üçün Tövsiyələr. Həkim Nərmin Əzizova

Məktəbə getmək təkcə yazıb-oxumağı öyrənmək deyil. Uşaq bu mərhələyə zehni, fiziki, psixi və sosial cəhətdən hazır olmalıdır.

Uşağın məktəbə hazır olub-olmaması bir çox valideyni narahat edir. Bu narahatlıq ilk baxışdan tamamilə təbii hesab edilə bilər. Bəzi məktəblərdə dərs yükünün ağır olması bu narahatlığı daha da artıran amillərdən biri ola bilər.

Uşaqların təqvim yaşı ilə psixoloji inkişaf səviyyəsi arasında fərq ola bilər. Fiziki inkişaf boy, çəki, əzələ gücü və motor bacarıqları ilə qiymətləndirilir. Məsələn, ağır məktəb çantasını daşımaq fiziki cəhətdən zəif inkişaf etmiş uşaq üçün çətin ola bilər.

Fiziki inkişafın yaşına uyğun olması, psixi inkişafın da uyğun səviyyədə olması demək deyil. Uşaq hazırlanmış təhsil sisteminə uyğunlaşmalı, şəxsi gigiyenasını qorumağı bacarmalı və bunun vacibliyini anlamalı, eləcə də gündəlik ehtiyaclarını özü qarşılamalıdır.

Evdən, ana və atadan ayrı qalmaq, yaşıdları ilə oyunlara qoşulmaq, özünü ifadə edə bilmək kimi psixi inkişaf göstəriciləri nəzərdən keçirilməlidir.

Son tədqiqatlara görə, bacı və qardaşların eyni məktəbdə oxuması onların təhsil nailiyyətlərinə müsbət təsir göstərir. Həmçinin məktəbin evə yaxın olması da vacib faktor sayılır.

Uşaqların məktəbdə qidalanması

Məktəb zamanı uşaqların qidalanması aktual məsələdir. Valideynlər uşaqlar üçün məktəbə uyğun qida seçimində diqqətli olmalıdırlar. Qidanın növü, keyfiyyəti və saxlanma şəraiti nəzərə alınmalıdır. Mümkün qədər hazır qidalardan istifadə edilməməlidir.

Allergik xəstəlikləri və daimi dərman qəbulu olan uşaqlar

Əgər uşaq allergik xəstəlikdən əziyyət çəkirsə və ya daimi dərman qəbul edirsə, bu barədə məktəb rəhbərliyinə və müəllimlərinə öncədən məlumat verilməlidir.

Məktəbəhazırlıq müayinələri

Uşaqlar məktəbə başlamazdan əvvəl fiziki inkişaf, görmə və eşitmə müayinələrindən keçməli, ehtiyac olduğu halda psixi və zehni inkişafları da qiymətləndirilməlidir.

Uşaq məktəbə getməkdən imtina edirsə nə etməli?

Uşağın narahatlığının səbəbi müəyyənləşdirilməlidir. Evdən ayrılmaq qorxusu, ananı bir daha görməyəcəyini düşünmək, sinif yoldaşları ilə ünsiyyət qurmaqda çətinlik və ya məktəb mühitinə alışmaqda problemlər ola bilər. Uşağın qapıda gözləniləcəyini bilməsi ona rahatlıq verə bilər. Valideynlər səbrli davranmalı və məktəbdən ayrılırkən uşağa bunu izah etməli, sağollaşmalıdırlar.

Əlavə qeydlər:

  • Valideyn (imkan daxilində hər ikisi) müəllimlə əvvəlcədən tanış olmalıdır;
  • Uşağa şəxsi gigiyena qaydaları, xüsusilə əl yuma və tualet istifadəsi öyrədilməlidir;
  • Ev ünvanı və əlaqə nömrələri uşağa öyrədilməlidir;
  • Bəzi uşaqlarda valideynlərin onları məktəbdə tək qoyacağı qorxusu olur. Bu halda, valideynlər uşağa məktəbin həyətində və ya sinifin qarşısında gözləyəcəklərini deməlidirlər.

Uşaq məktəbə başlamazdan əvvəl hansı bacarıqlara sahib olmalıdır?

  • 7-8 dəqiqə bir işə diqqət yetirə bilməlidir;
  • Sadə insan şəkli çəkə bilməlidir (baş, qol, ayaq hissələri ilə);
  • Hisslərini aydın ifadə edə bilməlidir;
  • Fəsilləri, həftənin günlərini, bəzi hərfləri, fiqurları və saymağı bacarmalıdır;
  • Həmyaşıdları ilə dostluq qurmalı, oyun qaydalarına riayət etməli və sırasını gözləməyi bacarmalıdır;
  • Gigiyenik qaydalara riayət etməlidir;
  • Tualetdən istifadə edə bilməli və təmizliyinə riayət etməlidir;
  • Öz əşyalarını tanımalı və toplamağı bacarmalıdır.

Məktəb dövründə uşaq hansı problemlərlə qarşılaşa bilər?

  • Valideynlərdən ayrılmaqda çətinlik;
  • Məktəb qorxusu;
  • Sosial münasibətlərdə çətinlik;
  • Qaydalara riayət etməkdə çətinlik;
  • Özünə inamsızlıq;
  • Hiperaktivlik və diqqət pozğunluğu;
  • Tapşırıqları yerinə yetirməkdə çətinlik.

Əlavə qeydlər:

  • Uşağın bu mərhələdə müstəqil həyata keçidini anlayışla qarşılayın. Bir çox uşaq ilk günlərdə gərginlik yaşayır və ağlaya bilər. Sakit və başa düşülən şəkildə danışaraq vəziyyəti izah edin. Valideynlər bu günü adi gün kimi qəbul etməli, uşağın qorxusunu artıracaq davranışlardan uzaq durmalıdırlar;
  • Məktəb fobiyası olan uşaqlarda dərs saatlarında narahatlıq, ürəkbulanma, qarın və baş ağrıları, iştahsızlıq və yuxu pozğunluğu müşahidə edilə bilər. Bu halın müvəqqəti olduğunu qəbul edib uyğun yanaşmaq vacibdir;
  • Uşağın narahatlığını zarafatla qarşılamayın və onu utandırmayın;
  • Uşaq məktəbdən qaçmağa çalışırsa, ona güzəşt etməyin, mütləq şəkildə sinfə qaytarın.

Vacib məqam: Uşağınız məktəbə başlamazdan əvvəl onun peyvənd cədvəlinə uyğun bütün peyvəndlərini tamamladığını yoxlayın. Adətən Azərbaycanda uşaqlar 6 yaşında məktəbə başladığından, bu dövrə qədər Milli Peyvənd Təqviminə uyğun olaraq bütün vacib peyvəndlərin tamamlanması xüsusi önəm daşıyır. Bu yaşa qədər uşağa qızılca, məxmərək, parotit (QPM)difteriya-tetanus (DT) əleyhinə gücləndirici peyvəndlərlə yanaşı, bütün digər peyvəndlər – o cümlədən vərəm (BCG), hepatit B, poliomielit, Hemofilus influenza tip b (Hib), boğmaca, pnevmokok və digər peyvəndlər də vaxtında və tam şəkildə vurulmuş olmalıdır. Peyvəndlərin tamlığı uşağın həm fərdi sağlamlığı, həm də məktəb mühitində digər uşaqlarla təmasda təhlükəsizliyi baxımından olduqca vacibdir. Valideynlər peyvənd kartını diqqətlə yoxlamalı və hər hansı çatışmazlıq olduqda uşaq məktəbə başlamazdan əvvəl yerli poliklinikaya müraciət etməlidirlər.

Uşağın məktəbə hazır olduğunu necə müəyyənləşdirmək olar? Zehni inkişaf, görmə, eşitmə, anlama və yadda saxlama bacarıqları, məntiqi düşünmə, səbəb-nəticə əlaqəsini qura bilmə və gələcək planlar barədə danışa bilmə kimi xüsusiyyətlər qiymətləndirilməlidir. Düşünmə və danışma bir-biri ilə sıx bağlıdır. Uşaq fikirlərini sərbəst ifadə edə bilməlidir. Hərfləri tanımaq və yazmaq məktəbə hazır olmağın tək göstəricisi deyil. Bəzən psixi və sosial inkişaf daha önəmli ola bilər.

Aşağıdakı suallar uşağın hazır olub-olmamasını müəyyənləşdirməyə kömək edə bilər:

  • Uşağınız 15–20 dəqiqə təkbaşına oynaya bilir?
  • Valideynsiz vəziyyətdə özünü idarə edə bilir?
  • Tualetə özü gedə bilir və təmizliyini qoruyur?
  • Həmyaşıdları ilə vaxt keçirə bilir?
  • Könüllü olaraq fəaliyyətə qoşulur?
  • Paltarını və ayaqqabısını özü geyinib-soyuna bilir?
  • Yeməyini köməksiz yeyə bilir?
  • Tam cümlələrlə özünü ifadə edə bilir?
  • Qələmi düzgün tutur və istifadə edir?
  • Rəngləri və ədədləri tanıyır?
  • Başladığı işi sona çatdıra bilir?
  • Hisslərini idarə edə bilir?
  • Qaydalara tabe olmaq istəyir?

Uşağın məktəbə sağlam və uğurlu başlaması üçün bu sadə, amma vacib meyarlar nəzərə alınmalıdır.

Nərmin ƏZİZOVA

Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı