Tədris Cərrahiyyə Klinikasının 400-dən çox əməkdaşı koronavirusla mübarizəyə qoşulub
Bakı, 17 iyun, AZƏRTAC
Aprelin 1-dən etibarən Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikası yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələri qəbul edir. İndiyədək 600-dən çox koronaviruslu xəstə klinikada müalicə alıb. Hazırda klinikanın 400-ə yaxın əməkdaşı COVID-19 pandemiyası ilə mübarizəyə qoşulub. Onlar xəstələrin sağalması uğrunda fədakarcasına işləyir, yorulmaq bilmədən xəstələrin müalicəsində iştirak edirlər.
AZƏRTAC xəbər verir ki, bunu klinikanın direktoru, professor Surxay Hadıyev deyib.
Professor bildirib ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının açılışı 2013-cü ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub. Bu, nəinki regionda, MDB ölkələrində ilk belə universitet klinikası idi.
“Klinikanın yaradılmasında əsas məqsəd xalqımıza yüksək səviyyəli tibbi xidmət göstərmək, hər kəsin ən son etibar edə biləcəyi referans diaqnostika, müalicə və cərrahi mərkəz olmaq, bununla yanaşı, yüksək səviyyədə elm-tədris proqramları həyata keçirmək, tibbi kadrların hazırlanması səviyyəsini yüksəltmək idi. Hər gün, hər an bu məqsədlər uğrunda çalışırıq. Bu yaxınlarda dövlət başçısı da pandemiya ilə mübarizədə klinikanın adını xüsusi qeyd etdi. Bu, işimizə verilən böyük qiymət idi. Əminliklə deyə bilərik ki, pandemiya dövründə ölkəmizin səhiyyəsi özünü yaxşı tərəfdən göstərə bilir. Çünki səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yenilənməsi təkcə indiki dövrdə yox, daim diqqət mərkəzindədir. Son illər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin edilir. Burada Səhiyyə Nazirliyinin işini də dəyərləndirmək lazımdır. Ölkəmizdə daim səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün baza yaradıldığından pandemiya dövründə Azərbaycanda xəstələrin qəbulu ilə bağlı ciddi problem yaşanmır. Koronavirusla mübarizə üçün yüksəksəviyyəli təchizatı olan xəstəxanalar işə salınıb. Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün sərəncamlar verilib. Dövlət insanların sağlamlığının müdafiəsi sahəsində öz öhdəliyini layiqincə yerinə yetirir”, – deyə S.Hadıyev qeyd edib.
Klinikanın direktorunun sözlərinə görə, ölkəmizdə kifayət qədər xəstəxana, çarpayı sayı var və xəstələrin müalicəsi üçün bütün zəruri addımlar atılır, lazımi dərmanlar ölkəyə gətirilir. Lakin görülən tədbirlərə baxmayaraq, koronavirusa yoluxanların, həmçinin dünyasını dəyişənlərin də sayı artmaqdadır: “Fikrimcə, son günlər koronavirusa yoluxanların sayında artım dinamikası insanların öz sağlamlıqlarına laqeyd, etinasız yanaşması ilə bağlıdır. Əhaliyə dəfələrlə müraciət olunsa da, bəzi vətəndaşlar özlərini qorumurlar. Bu da son nəticədə problemlər yaradır. Hazırda insanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir və dövlətimizin başçısı bu məsələləri daim diqqət mərkəzində saxlayır. İyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. İndiki çətin və mürəkkəb zamanda peşə bayramı münasibətilə hər bir tibb işçisini təbrik edirəm. Bizim elə həkimlərimiz, tibb bacılarımız və işçilərimiz var ki, uzun müddətdir öz doğmalarından ayrı qalıblar. Ağır durumda, xüsusi geyimlərdə gecə-gündüz xəstələrin yanındadırlar. Bu şərəfli peşə sahiblərini təbrik edir, onlara ən əsas cansağlığı arzulayıram. Ümid edirəm ki, dövlətimizin səyi, tibb işçilərinin fədakarlığı və əhalinin məsuliyyətli davranışı sayəsində bu bəlaya qısa zamanda qalib gələ biləcəyik”.