Talassemiya ilə mübarizədə KİV-lərin rolu artırılmalıdır
Yanvarın 31-də Respublika Talassemiya Mərkəzində “Talassemiya ilə mübarizədə KİV-lərin rolu” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi KİV-lərlə birgə talassemiyadan əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün könüllü donor xidmətinin inkişaf etdirilməsi və xəstəliyin yayılmasının qarşısının alınması üçün cəmiyyətin maarifləndirilməsidir.
Tədbirdə çıxış edən mərkəzin direktoru Valeh Hüseynov son illər bu istiqamətdə qəbul olunan dövlət proqramlarının səmərəli nəticə verdiyini bildirib: “Talassemiya bütün dünyada olduğu kimi Azərbaycanda da aktual problemlərdən biridir. Son statistik göstəricilərə əsasən ölkədə bir milyondan artıq talassemiya daşıyıcısı var. Məhz bu daşıyıcıların ailə qurması ilə əlaqədar ölkədə talassemiyalı xəstələrin sayında son illərə qədər artım müşahidə edilirdi. Hazırda respublikada 3000-dən yuxarı qeydiyyatda olan irsi qan, o cümlədən talassemiyalı xəstələr var. Son üç il ərzində dövlətimiz tərəfindən qəbul olunan bir sıra proqramlar, o cümlədən nikahdan öncə cütlüklərin yoxlanılması nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında əhəmiyyətli dərəcədə azalma müşahidə edilib. Onu da qeyd edim ki, bu cür proqramlar öz nəticəsini qısa müddətdə vermir. Digər ölkələrin təcrübəsinə də əsaslanaraq onu demək olar ki, bu problemin həlli istiqamətində, xüsusilə regionlarda silsilə tədbirlərin keçirilməsi vacibdir. Belə ki, talassemiyanın aradan qaldırılmasında əsas məsələ düzgün müalicə deyil, profilaktik tədbirlərin zamanında aparılmasıdır. Məqsədimiz respublikada talassemiya ilə doğulan uşaqların sayının azaltmaqdır. Burada nikaha girən cütlüklərin müayinəsi əsas rol oynayır. Problemin həlli istiqamətində ikinci əsas məsələ isə prenatal diaqnostikanın inkişafıdır. Onu da qeyd edim ki, son illər aparılan işlər sayəsində xəstəliyin “yaş həddi” böyüyüb. Belə ki, xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarıdır. Hazırda mərkəzimizdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır”.
Direktor onu da qeyd edib ki, bu problem 18 yaşdan yuxarı xəstələrin iş tapması baxımından da çətinliklər törədir. Belə ki, müraciət etdikləri qurumlarda xəstəlik haqqında məlumat alındıqda hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər: “Lakin bu düzgün yanaşma deyil. Ümid edirik ki, maarifləndirmə tədbirləri nəticəsində insanlar belə fikirdən daşınacaq və xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasında köməklik göstərəcəklər”.
Milli Məclisin səhiyyə komitəsi sədrinin müavini Musa Quliyev tədbirin əhəmiyyətini vurğulayıb: “Dövlətimiz tərəfindən belə bir mərkəzin açılması sağlamlıqla yanaşı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində də atılan mühüm addımlardan biridir. Belə mərkəzlər dünyada azdır. Əhalinin sağlamlığının qorunması ölkə başçısının sosial siyasətinin əsas istiqamətlərindəndir. Nikahdan öncə aparılan müayinələr bunun bariz nümunəsidir. Lakin bütün bu addımlara baxmayaraq xəstəliyin azalmasına dair aparılan müşahidələr qənaətbəxş deyil. Azyaşlılar və qohumlar arasındakı evliliklərə nəzarət burada əsas rol oynayır. Bu səbəbdən də xüsusilə regionlarda maarifləndirici tədbirlərin keçirilməsi mütləqdir”.
Deputat talassemiyadan əziyyət çəkənlərin qayğısına qalmaq məqsədilə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən belə bir mərkəzin yaradılmasnı Azərbaycan səhiyyəsinin inkişafı üçün əvəzsiz xidmət adlandırıb.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəisi Soltan Məmmədov konfransın əsas məqsədinin ölkəmizdə səhiyyənin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinin bir hissəsi olan talassemiya ilə mübarizə proqramının tətbiqi ilə medianı və cəmiyyəti tanış etmək olduğunu bildirib: “Ölkəmizdə daimi gücləndirilən ictimai səhiyyə sistemi, bir çox infeksion və qeyri-infeksion xəstəliklərin profilaktikası və müalicəsi həm əhali, həm də mətbuat nümayəndələrinin fəal iştirakını tələb edir. Qeyd edildiyi kimi bu gün ölkədə bir sıra xəstəliklərin profilaktikası və müalicəsi üzrə dövlət proqramları həyata keçirilir. Dövlət bu xəstəliklərdən əziyyət çəkən insanların pulsuz tibbi xidmət almasını təmin edir. Güclü səhiyyə sistemi, insanların səhiyyə xidmətlərinə əlçatanlığı, xüsusi qayğıya ehtiyacı olan insanların lazımi tibbi xidmətlə təmin olunması Heydər Əliyev Fondunun əsas missiyasına daxildir. Fondun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə, ehtiyacı olan bütün insanların tibbi xidmətlə təmin olunmasına xüsusi əhəmiyyət verir və bu məsələlərə daimi dəstək göstərirlər.
Heydər Əliyev Fondu Respublika Talassemiya Mərkəzinin fəaliyyəti, burada xəstələrə göstərilən qayğı və bu istiqamətdə əhalinin maarifləndirilməsi məsələlərinə xüsusi diqqət yetirir. 2017-ci ildən başlayaraq fond bu istiqamətdə Səhiyyə Nazirliyi ilə birgə bir sıra islahatlar həyata keçirib. Bunun nəticəsidir ki, əvvəllər bir sıra müayinələr üçün xaricə göndərilən xəstələr artıq mərkəzdə təmənnasız bu müayinələrdən keçə bilirlər. Sevindirici haldır ki, artıq özəl sektorda fəaliyyət göstərən tibb müəssisələri də bu istiqamətdə Talassemiya Mərkəzi ilə sıx əməkdaşlıq edirlər. Əlbəttə bu istiqamətdə görüləcək işlər hələ çoxdur.
2017-ci ildə ölkəyə səfər edən Beynəlxalq Talassemiya Federasiyasının nümayəndələri regionda ən böyük və ən son avadanlıqlarla təchiz olunmuş Talassemiya Mərkəzinin imkanlarını müsbət qiymətləndiriblər. Səfər çərçivəsində göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Talassemiya Mərkəzi ilə əməkdaşlıq perspektivləri də müzakirə edilib. Əminliklə deyə bilərəm ki, hazırda aparılan tədbirlər nəticəsində Talassemiya Mərkəzi qısa müddətdə regionda yalnız təchizat və imkanlar baxımından deyil, eyni zamanda beynəlxalq prinsiplərə əsaslanan təlim bazasına da çevriləcək.
Bu tədbirlərin keçirilməsində biz yalnız mərkəzlə deyil, eyni zamanda talassemiyalı xəstələri təmsil edən ictimai birliklər və valideynlər cəmiyyəti ilə birgə işləmişik. Mən çox sevinirəm ki, bu gün bu tədbirdə biz mətbuat nümayəndələri ilə görüşürük. Xəstəliyin vaxtında aşkarlanması, lazımi müayinələrin aparılması, əhalinin bu istiqamətdə maarifləndirilməsi, eyni zamanda mərkəzdə fəaliyyət göstərən həkim personalına bu işdə əhali tərəfindən kömək və dəstətilməsi üçün mətbuata böyük ehtiyac var. Mən ümid edirəm ki, bu tədbirdə Talassemiya Mərkəzinin fəaliyyəti, xəstəliyin aşkarlanması və profilaktikası ilə bağlı dolğun məlumat alan mətbuat nümayəndələri bu istiqamətdə fəaliyyətlərini genişləndirəcək və bu işdə mərkəzlə sıx əməkdaşlıq edəcəklər”
Sonra Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmovun “Talassemiyalı uşaqlarda və yeniyetmələrdə psixoloji problemlər” mövzusunda məruzəsi dinlənilib.
Sonda “Ən yaxşı jurnalist layihəsi” mövzusunda müsabiqə elan edilib. Müsabiqə çərçivəsində talassemiya ilə mübarizəyə kompleks yanaşmanı təmin etmək məqsədilə bu il ərzində jurnalistlərin ən kreativ, inkişafyönümlü, maarifləndirici layihələrinin icrası həyata keçiriləcək.