Sürətli yeməyin zərərləri
Bakı, 7 iyun, AZƏRTAC
Hər zaman yeməyi tələsmədən, çeynəyərək həzm etməyi məsləhət görürlər. Təbii ki, bunun əsaslı səbəbləri var. Orqanizmdə yaranan bəzi xəstəliklərin kökündə sürətli qidalanmaq dayanır, çünki çeynənmədən udulan qidalar mədə-bağırsaq problemlərinə gətirib çıxarır.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Nərgiz Kərimova deyib: “Həzm zamanı orqanizmdə doyma hissinin yaranması üçün 20 dəqiqə vaxt lazımdır. Onun yaranmasından sonra beyinə siqnal gedir və bundan sonra toxluq hissi yaranmağa başlayır. Qidalanan zamanı tez-tez, sürətli yemək düzgün deyil, həmin vaxt televizora baxmaq və digər işlərlə məşğul olmaq olmaz, çünki bu zaman qida tənəffüs borusuna düşə bilər”.
Toxluq hissinin gecikməsi isə başqa bir məsələdir və artıq çəki probleminin meydana çıxmasına səbəb olur: “Qida qəbulu zamanı onu ağızda ən azı 10-15 dəfə çeynəmək lazımdır. Belə olanda həzm prosesi normal gedir. Mədə şirəsinin və hormonların ifrazının müəyyən vaxtları var. Gün ərzində tez-tez atışdırma etmək orqanizmə əlavə çəki verir”,- deyə həkim-terapevt bildirib.
Xüsusilə bərk qidaları mədə gec həzm etdiyi üçün onu daha uzun müddət ərzində çeynəmək lazımdır.