“Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi” müzakirə olunub
Bakı, 31 mart, AZƏRTAC
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ADA Universiteti və Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasının nümayəndələri arasında “Süd vəzisi xərçənginin diaqnostikasında süni intellektin tətbiqi” mövzusuna həsr olunmuş görüş keçirilib.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə çıxış edən TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin müdiri, Emil İskəndərov Süd vəzisi xərçənginin proqnozunda erkən aşkarlanmanın və bu sahədə beynəlxalq təcrübədə istifadə olunan innovativ üsulların rolunu vurğulayıb.
TƏBİB-in Tibbi fəaliyyətin təşkili departamentinin müdiri Teymur Mirzəbəyli çıxışında süni intellektin diaqnostika ilə yanaşı xəstəliyin müalicə proqramlarında da istifadə oluna biləcəyini qeyd edib.
Görüşdə TƏBİB-in Strategiya və layihələrin icrasına nəzarət şöbəsinin mütəxəssisi Sevda Civişova layihənin məqsədi və həyata keçirilməsi üçün görüləcək işlər barədə təqdimat edib.
ADA Universitetinin IT Departamentinin dosenti Camaləddin Həsənov süni intellektin səhiyyə sahəsində tətbiqinin imkanlarını, bu zaman tələb olunan resursları və gələcək perspektivləri əks etdirən təqdimatla çıxış edib. ATU-nun Onkoloji Klinikasının mammoloq-onkoloqu, dosent Həqiqət Vəliyeva süd vəzisi xərçəngi xəstəliyindən əziyyət çəkənlərin statistikasını və diaqnostikanın təkmilləşdirilməsi istiqamətində süni intellektin praktiki və kliniki əhəmiyyətindən danışıb.
Sonda görüş iştirakçıları layihənin həyata keçirilməsi istiqamətində gələcəkdə görüləcək işləri müzakirə edib.