Son günlər havanın temperaturu yüksək olduğu üçün günvurma halları artıb
Bakı, 9 avqust, AZƏRTAC
Günvurma və ya istivurma uzun müddət günəş altında qaldıqda bədəndə temperaturu tənzimləyən mexanizmlərin pozulması nəticəsində meydana çıxan kliniki haldır. Yay aylarında hava temperaturunun çox yüksək olduğu günlərdə günvurma hallarının artması gözləniləndir. Lakin hər il baş verən bu tendensiyanı müəyyən qədər azaltmaq, qabaqlayıcı tədbirlər görmək mümkündür.
AZƏRTAC günvurmanın səbəbləri və ondan qorunma yolları ilə bağlı araşdırma aparıb. Mövzu ilə bağlı həkim-terapevt Günay İsmayılova günvurmanın uşaqlar arasında daha çox müşahidə edildiyini deyib: “Günün müəyyən saatlarında beş yaşa qədər uşaqların açıq havada qalması düzgün deyil. Günvurmadan əsasən, azyaşlıları, körpə uşaqları qorumaq lazımdır. Çünki onlarda hərarət tənzimləmə mərkəzi sinir sistemi tam formalaşmayıb. Belə uşaqlarda günvurma halları ağır olur. Uşaqlarda günvurmanın əlamətlərinə sifətin tərləməsi, bədən temperaturunun yüksəlməsi, qusma, tənəffüs çatışmazlığı, ürək fəaliyyətinin pozulması daxildir”.
Günvurma və istivurma fərqli anlayışlardır
Həkim-terapevt günvurma və istivurmanın fərqli anlayışlar olduğunu qeyd edib: “Günvurma, əsasən, baş nahiyəsinə gün şüalarının düşməsi səbəbindən yaranan patoloji vəziyyətdir. Bu zaman nevroloji–başgicəllənmə, ürəkbulanma, ağrı və digər simptomlar müşahidə olunur. İstivurma zamanı isə bədənin hər hansı nahiyəsi xüsusi önəm kəsb etmir. Bədənin havasız, isti otaqda qalması səbəbindən yaranan patoloji vəziyyət hesab edilir. Bu zaman bədən hərarətindən şikayət edilir. Bu iki halı bir-birindən ayırmaq üçün həkimə müraciət edib anamnez almaq lazımdır”.
G.İsmayılova qeyd edib ki, yay aylarında su balansını normada saxlamaq üçün ciddi rejimdə su içmək lazımdır. Baş örtükləri, papaqlar, geyimlərdə daha çox ağ rəngli yüngül, pambıq materiallardan olan geyimlər gün şüalarından qorunmaq üçün istifadə olunmalı vasitələrdir.
Həkim-terapevt Günel Fətəliyevanın sözlərinə görə isə, günvurma bütün yaş qruplarında rast gəlinən haldır: “Küləksiz günlərdə, günorta saatlarında günəş şüaları düz düşdüyündən təhlükə artır. Günvurmanın əlamətləri sırasında yüksək hərarət, şiddətli baş ağrısı, başgicəllənmə, ürəkbulanma, qusma, ürəkdöyünmə, əzələ qıcolmaları, yuxululuq, huşun pozulması kimi halları qeyd etmək olar”.
Günvurmadan qorunmaq mütəxəssislərin qeyd etdiyi profilaktik tədbirlərə əməl edilməlidir
Həkim-terapevt arterial hipertenziyadan əziyyət çəkən, ürək-damar, şəkərli diabet, xroniki böyrək çatışmazlığı olan, onkoloji xəstələrin, artıq çəkisi, kaxeksiya (bədən çəkisi çox az olanlar), psixiki pozuntusu olanların, epilepsiya xəstələrinin, hamilələrin, yaşı 65-dən yuxarı yaşlıların və yaşı 5-dən aşağı uşaqların risk qrupuna daxil olduğunu da bildirib.
G.Fətəliyeva günvurma zamanı xəstəyə göstərilməli olan ilkin yardım tədbirləri haqda danışıb: “Günvuran şəxsi dərhal sərin yerə aparıb, ayaqları hündür vəziyyətdə, başı yana çevirib uzatmaq, onun isti geyimlərini soyundurmaq, alın, sinə, qoltuqaltına soyuq suda isladılmış parça qoymaq, qol və baldırlarını masaj etmək, huşu aydındırsa, həmin şəxsə sərin su içirtmək, xəstəni ən yaxın tibb mərkəzinə çatdırmaq lazımdır”.
Günvurmadan qorunmaq üçün profilaktik tədbirlərə isə mütləq əməl edilməlidir: “Çalışın məcbur olmadıqca günorta saatlarında günəş altında çox qalmayın. Bədəni tərlətməyən, gen, nazik və açıq rəngli paltarlar geyinin. Günəşdən qorunmaq üçün eynək, şlyapa, çətir istifadə edin. Günəşə çıxmazdan 30 dəqiqə əvvəl qoruyucu krem çəkin. Gün ərzində 2,5-3 litr maye (su, ayran, mineral su) için. Asan həzm olunan yüngül qidalardan istifadə edin. Uzunmüddətli və çox ağır fiziki iş və idmandan uzaq olun. İmkan olduqca tez-tez ilıq duş alın”, – deyə həkim-terapevt profilaktik tədbirləri sadalayıb.
Ağır günvurmalar nəticəsində mərkəzi sinir sisteminin, qan dövranının fəaliyyəti tamamilə pozulur
Həkim-terapevt Ruhiyyə Yusifova isə son dövrlər ona müraciət edən pasiyentlərin arasında günvurma hallarından şikayət edənlərin sayının artdığını deyib: “Hava temperaturu yüksək olduğu üçün günvurma hallarında ciddi artım müşahidə olunur. Bədən ultrabənövşəyi şüalara normadan artıq məruz qalarsa, hətta komatoz vəziyyət də yarana bilər. Ağır günvurmalar nəticəsində mərkəzi sinir sisteminin, qan dövranının fəaliyyəti tamamilə pozulur və dərinin tər ifrazatı sıradan çıxır. Qan dövranının pozulması nəticəsində oksigen çatışmazlığı yaranır, bu proses, hətta, ölümlə nəticələnə bilər. Günvurma əsasən günün günorta vaxtı, günəş zirvəyə yaxınlaşanda baş verir. Bu zaman aralığında ən çox meteohəssas insanların günəşin şüalarından uzaqda olmağı məsləhət görülür. Günvurmaya məruz qalmış insanlar qidalanmalarına fikir verməlidirlər. Məsələn, yay aylarında insanlar istirahət üçün günəşin altında spirtli içkilər, rasiona uyğun olmayan qidalar qəbul edirlər. Belə hallar isə günvurmanın gedişatını daha çox ağırlaşdırır. Eyni zamanda, gün altında tütünlü məhsulların istifadəsi də olduqca ciddi fəsadlar yarada bilər”.
Qeyd edək ki, ölkədə iyul ayı ərzində günvurma ilə bağlı olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 45 nəfər müraciət edib. Onlardan 7-si isə uşaq olub.
Günvurma zamanı baş-beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, qusma, başgicəllənmə, güclü baş ağrıları, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə və ya temperaturun yüksəlməsi kimi əlamətlər qeyd edilir. Hətta günvurma beyin ödəmi və komaya da gətirib çıxara bilər. Bu səbəbdən özünüzdə və ya ətrafınızda günvurma halı müşahidə edildiyi zaman Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət etməyiniz yarana biləcək fəlakətlərin qarşısını ala bilər.