Uşaqlarda Skarlatina Xəstəliyi. Həkim Nərmin Əzizova

Skarlatina, əsasən 5-15 yaş arasındakı uşaqlarda müşahidə olunur. Bu xəstəlik, tonzilit (badamcıqların iltihabı) və ya dəri infeksiyası ilə birləşərək yayılan eritemallı səpkilərlə xarakterizə olunur. Skarlatina zamanı həm selikli qişalarda, həm də dəridə səpkilər meydana gəlir.
Törədici və yoluxma yolu
Skarlatina A qrupu beta-hemolitik streptokkoklar tərəfindən törədilir. Xəstəlik, hava-damcı və hava-toz yolu ilə yayılır.
Klinik əlamətləri
Xəstəliyə yoluxduqdan 1-4 gün sonra klinik əlamətlər meydana gəlir. Bu əlamətlərə aşağıdakılar daxildir:
- 38.3 °C dərəcədən yuxarı yüksək hərarət (qızdırma)
- Titrəmə
- Boğazda ağrı
- Boyunda şişkinlik və həssas limfa düyünləri
- Baş ağrısı
- Mədə bulanma və qusma
- Qarın ağrısı
- Əzələ ağrıları
- Halsızlıq
Səpkilər bu klinik əlamətlərdən 6-48 saat sonra başlayır. İlk olaraq baş, boyun, qasıq və qolların alt hissələrində meydana gəlir. Ardınca, bədənin digər hissələrinə yayılır. Üzə nadir hallarda yayılır, amma yanaqların qızarması və ağız ətrafının solğunlaşması mümkündür. Dəridə qaşınma hissi yaranır. Səpkilər, basıldıqda solan, çox kiçik (1-2 mm), qabarıq (toyuq dərisindəki kimi dənəvari) şəkildədir. Səpkilər xüsusən əllərin içində (ovucda) və nadir hallarda ayaqların dabanlarında meydana gəlir.
Dil və udlaq
Udlaqda ödem və qızarıqlıq müşahidə olunur, yumşaq damaqda da səpkilər yaranır. Xəstəliyin ilk 1-2 günündə dil ağ ərp ilə örtülür (“ağ çiyələk dili”). Bir neçə gün sonra bu, qırmızı çiyələk dilinə çevrilir.
Səpkilərin gedişi
Səpkilər təqribən 7 gün sonra solmağa başlayır. Bu dövrdə əl və ayaq barmaqlarının uclarında dəridə soyulmalar müşahidə olunur. Dərinin soyulması bir neçə həftə davam edə bilər.
Ağırlaşmalar
Skarlatina, bir neçə ağırlaşmaya səbəb ola bilər, bunlara aşağıdakılar daxildir:
- Sinüzit (sinus boşluqlarının iltihabı)
- Orta qulağın iltihabı
- Boyun limfa düyünlərinin iltihabı
- Kəskin revmatik qızdırma
- Kəskin qlomerulonefrit
Müalicə
Skarlatina müalicəsində, həkiminizin təyinatı əsasında antibiotik terapiya başlanmalıdır. Müalicə başlandıqdan sonra 6-24 saat ərzində qızdırma düşür. Xəstəliyin yoluxduruculuq qabiliyyəti, müalicənin başlanmasından 24 saat sonra keçə bilər.
Nərmin Əzizova,
K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı, Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı