Siqaret kişilərə nisbətən qadınlara iki dəfə çox ziyandır
Bakı, 22 fevral, AZƏRTAC
Son vaxtlar qadınlar arasında siqaretçəkmə halları artıb. Kiməsə görə bu, müasirlik kimi görünsə də, əslində tütün orqanizmə ciddi ziyan vurur. Nikotin sağlamlığı yavaş-yavaş məhv edir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, siqaret kişilərə nisbətən qadınlara iki dəfə çox ziyandır, çünki zərif cinsin nümayəndələrinin sümükləri kişilərin sümüklərindən daha incədir. Həmçinin onlarda dəri daha həssas, daxili orqanlar daha kiçik, ürək damarları isə daha nazikdir.
AZƏRTAC xəbər verir ki, mammoloq-onkoloq Cəlil Bağırovun dediyinə görə, siqaret xanımlarda uşaqlıq boynu xərçənginin yaradan əsas amillərdəndir: “Qadınlar özləri zərif məxluq olduqları kimi orqanları da zərifidir. Tütündən istifadə edərkən onlarda sonsuzluqda əlaqədar problemlər ortaya çıxır. Uzun müddət siqaret çəkmək süd vəzi xərçənginə də səbəb olur: Aparılan hesablamalara görə, 20-44 yaş arasında on il gün ərzində bir qutu siqaret çəkmək süd vəzi xərçəngi riskini 60 faiz artırır. Siqaretin tərkibində olan maddələrin təsiri sayəsində qadın orqanizmində zərərli estrogen maddələrin miqdarı artır və süd vəzi xərçənginə tutulmaq riski də o qədər artmış olur”.
Hamilə qadının siqaret çəkməsi isə daha təhlükəlidir, çünki nikotin qanla uşağın da bədəninə keçir. Körpənin daxili və xarici orqanlarında problemlər yaradır. Mammoloq-onkoloqun dediyinə görə, hamiləliyin ilk aylarında siqaret çəkən qadınlarda ölü uşaq doğulması halları yüksək olur: “Hamilə qadın siqaret çəkirsə, onda yumurta hüceyrələrinin funksiyalarının pozulma ehtimalı daha da artır, digər problemlər ortaya çıxır. Yaxud da hamiləlik baş verəcəksə, erkən doğuşa, düşüklərə və yaxud döldə müxtəlif anomaliyalara səbəb ola bilər. Siqaret çəkən anaların süd kanallarında da müxtəlif problemlər yaranır”.
Kişi və qadın olmasından asılı olmayaraq, siqaret hər kəs üçün təhlükəlidir. Ona görə də tütündən uzaq olmağa çalışmaq lazımdır.