Səhiyyə Nazirliyinin mütəxəssisi içməli suyun keyfiyyətinə nəzarət tədbirlərindən DANIŞDI

“İçməli suyun keyfiyyətli və təhlükəsiz olması insanların sağlamlığı üçün çox vacibdir. Dövlət Sanitariya Nəzarəti Xidməti bu sahəyə xüsusi diqqət yetirir və mütəmadi olaraq ölkənin şəhər və kəndlərindəki su anbarları, sutəmizləyici qurğular və su şəbəkələri yoxlanılır”.

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzin Baş direktorun Epidemioloji məsələlər üzrə müavini Samirə Nəcəfova “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, yoxlamalar zamanı suyun kimyəvi, bakterioloji və digər göstəricilər üzrə laboratoriya müayinəsi aparılır:

“Əgər müayinə nəticələri göstərirsə ki, su standartlara cavab vermir və təhlükəsizlik göstəriciləri qeyd olunarsa, o zaman tərəfimizdən bu barədə aidiyyəti cavabdeh qurumlar rəsmi şəkildə məlumatlandırılaraq, təkliflər verilir. Eyni zamanda, ehtiyat su anbarları ildə ən azı bir dəfə təmizlənməli və dezinfeksiya olunmalıdır. Ancaq bəzi mənzil-tikinti kooperativləri (MTK) bu tələblərə riayət etmədiyinə görə orada toplanan suyun keyfiyyəti ilə bağlı vətəndaşların narazılıqları barədə müraciətlər daxil olur. Bildirmək istəyirik ki, MTK-lar sahibkarlıq subyektləri olduqlarından həmin ünvanlarda müayinələrin aparılması müvafiq qanunun tələblərinə uyğun həyata keçirilə bilər”.

S.Nəcəfova bildirib ki, həmçinin çox zaman köhnə binaların zirzəmilərində toplanan su ilə bağlı şikayətlər daxil olur:

“Bu hallarda laborator müayinələr aparılaraq, həmin suyun mənşəyi müəyyənləşdirilir və problemin aradan qaldırılması üçün aidiyyəti üzrə cavabdeh qurumlara təkliflər verilir”.