Respublika Endokrinologiya Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verilib

Yanvarın 10-da Respublika Endokrinologiya Mərkəzinin əsaslı təmirdən sonra açılışı olub. Açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev də iştirak edib.

Respublika Endokrinologiya Mərkəzinin (REM) direktor müavini Babək Saleh AZƏRTAC-a eksklüziv müsahibəsində bu barədə danışıb. O qeyd edib ki, Azərbaycanda səhiyyənin inkişafına dövlət qayğısı, tibb işçilərinin rifahının yaxşılaşdırılması, dünya standartlarına cavab verən yeni, müasir tibb müəssisələrinin yaradılması prioritet məsələlərdir.

Babək Saleh deyib: “Respublika Endokrinologiya Mərkəzinin binası çoxdan təmir olunmur, hətta rənglənmirdi. Bu, xəstələrə də mənfi təsir göstərirdi. İndi bu məsələ həll edilib, xəstələr üçün hər cür şərait yaradılıb və təbii ki, bunlar xəstələrin əhvalına və sağlamlığına müsbət təsir göstərəcək”.

REM direktorunun müavini şəkərli diabetin yaranmasının əsas səbəbləri barədə məlumat verib. B.Saleh sonda deyib: “Şəkərli diabetə gətirib çıxaran ən geniş yayılmış səbəb piylənmədir. Piylənmə zamanı qaraciyər və mədəaltı vəzi piylə ötürülür, hüceyrələr insulini qəbul etmir. Oturaq həyat tərzi çəki artıqlığının daha bir səbəbidir. Bu, əsasən yaşlı insanlara, həmçinin kompüter arxasında çox əyləşən və ya piyada gəzməyə üstünlük verməyən insanlara xasdır. Qidalanma tarazlığının pozulması da şəkərli diabetə gətirib çıxara bilər. Ümumiyyətlə, indi düzgün qıdalanan insan tapmaq çətindir. Bu, həyat ritmi ilə və hər gün yediyimiz zərərli məhsullarla bağlıdır. Bütün bunlar şəkərli diabetə gətirib çıxarır. Onu da qeyd etmək istəyirəm ki, insulinə dağıdıcı təsir göstərən stress halları da şəkərli diabetin yaranmasının geniş yayılmış səbəblərindədir. Şəkərli diabetin inkişafına şərait yaradan amillər arasında oynaqların ağrıları xüsusi rol oynayır. Bu amil həm birinci tip, həm də ikinci tip şəkərli diabetə aiddir. Bundan əlavə, spirtli içkilərdən sui-istifadə edilməsi də şəkərli diabetə gətirib çıxaran səbəblərdəndir. Məsələ burasındadır ki, spirtli içkilər bütün orqanlara, o cümlədən mədəaltı vəziyə də mənfi təsir göstərir. Əgər orqanizminizə diqqətlə yanaşsanız, yeməyinizə fikir versəniz, həkimlərə vaxtında müraciət etsəniz və fəal həyat tərzi keçirsəniz, bu ciddi xəstəlikdən uzaq olmaq tamamilə mümkündür”.

 

AZƏRTAC