Qripin ağırlaşmasına səbəb immun sisteminin zəifliyi, həkimə gec müraciət və qeyri-düzgün müalicədir
Bakı, 25 yanvar, AZƏRTAC
Son günlər kəskin respirator virus infeksiyaları ilə bağlı müraciətlərin sayı artıb. Əhali arasında yayılan həmin xəstəlik tədricən boğaz ağrısı ilə başlayır və bir neçə gün davam edir. Sonra isə birdən şiddətlənərək hərarətin yüksəlməsi, halsızlıq, iştahasızlıq, başağrısı, burun tıxanıqlığı, burun axması, bəlğəmli öskürək, oynaq ağrıları və digər başqa şikayətlərlə davam edir. Bəzi xəstələrdə isə hətta pnevmoniya, tənəffüs çatışmazlığı kimi ciddi ağırlaşmalara də gətirib çıxarır. Bu qədər rəngarəng, müxtəlif klinik gedişə səbəb olan həmin xəstəlik mövsümi qripdir. Mövsümi qrip nəinki Azərbaycanda, digər ölkələrdə də geniş yayılıb. Xəstəliyin bu qədər zəngin kliniki gedişə malik olmasının səbəbi törədicinin növündən, xəstənin yaşından və immun statusundan asılıdır. Xəstənin həyat tərzi, qidalanması, psixoloji durumu, onun yanaşı xəstəlikləri immun statusuna təsir edən dolayı amillərdir. Məlumdur ki, kəskin respirator virus infeksiyalarının törədicilərinin sayı 200-ə yaxındır. Buna qrip, paraqrip, adenovirus, influenza, koronavirus, respirator sinsitial virus və s. misal göstərmək olar. Mövsümü qrip zamanı onlardan biri və ya bir neçə növü növbələşir və əhali arasında yayılır.
Bunu AZƏRTAC-a 2 saylı Ağciyər Xəstəlikləri Dispanserinin ağciyər üzrə mütəxəssisi həkim-ftiziatr Afət Novruzova deyib.
Müraciət edənlər arasında elələri olub ki, bir ayın içində iki dəfə respirator infeksiya ilə xəstələniblər. Bu onu göstərir ki, onlar əvvəlcə bir növü sonra isə digər növünə yoluxublar. Hər törədicinin də özünə məxsus dominant xüsusiyyəti olur. Bəziləri daha aqressiv olur, yüksək hərarət və ağırlaşmalarla müşayiət olunur. Bəziləri isə yüngül keçir. Yəni bu hal virusun, törədicinin aqressivliyindən asılıdır. Təəssüf ki, əlamətlər müşahidə olunan xəstələrin hamısı müayinədən keçmirlər. Əslində xəstəliyin simptomları olanlarda burundan-boğazdan yaxma götürülüb laborator müayinə olunmalı və törədici dəqiq aşkarlanmalıdır. Əhalinin çox az faizi laborator müayinə ilə bağlı müraciət edir. Eyni əlamətlər COVID-19-da da müşahidə edildiyindən vətəndaşlar əsasən koronavirusa yoluxub-yoluxmadıqlarını bilmək üçün müraciət edirlər. Yaxma analizi götürülənlərin mütləq əksəriyyətində COVID-19 inkar olunur. Çox heyif ki, digər viruslar yoxlanılmır. Buna görə də hazırda hansı törədicinin üstün olduğu, dominantlıq təşkil etdiyi haqda doğru məlumat vermək mümkün deyil.
“Qeyd etdiyim kimi xəstəliyin kliniki gedişatının rəngarəngliyinə təsir edən amillərdən biri də xəstənin immun statusudur. Belə ki, immunitet nə qədər güclü olarsa, xəstəlik bir o qədər yüngül gedişatlı olar və yalnız boğaz ağrısı, halsızlıq kimi əlamətlərlə ayaq üstə keçirilər. İmmuniteti zəif olanlarda isə xəstəlik daha ciddi və ağır gedişata malik olur. Ağırlaşmalar isə xoş olmayan sonluqla da nəticələnə bilir.
Xəstəlik əsasən uşaqlarda, 65 yaşdan yuxarı vətəndaşlarda və xroniki xəstəliklərdən əziyyət çəkənlərdə ağır gedişə malik olur. Bu, 65 yaşdan yuxarı vətəndaşlarda immun sistemi ilə bağlı olsa da, azyaşlılarda, yəni iki yaşadək uşaqlarda ağciyərlərin tam inkişaf etməməsi, bronxların çox zərif, həssas olması ilə əlaqədardır. Buna görə onlarda pnevmoniya müşahidə olunur, tənəffüs çatışmazlığı qeydə alınır.
Pnevmoniya qripin ağırlaşmasıdır. Ağırlaşmalar da immun sisteminin zəifliyi, həkimə gec müraciət edilməsi və qeyri-düzgün müalicə nəticəsində yaranır. Xəstəliyin müalicəsinə gəlincə isə, onu deməliyəm ki, xəstələnməkdənsə onun qarşısını vaxtında almaq lazımdır. Bunun üçün sanitar-epidemioloji qaydalara düzgün riayət etmək, məsafə saxlamaq, maskadan istifadə etmək, əlləri tez-tez yumaq lazımdır. Həmçinin qapalı məkanlarda çox toplaşmamaq, otağın pəncərəsini açıb havanı tez-tez dəyişmək, təmiz havada gəzinti məsləhət görülür. Bununla yanaşı, bol vitaminli meyvə-tərəvəzlərlə qidalanmaq, idmanla məşğul olmaq da tövsiyə olunur”, – deyə A.Novruzova bildirib.
Həkim-ftiziatr respirator infeksiya əlamətləri hiss edən vətəndaşların özbaşına dərman və antibiotiklər qəbul etməsi məsələsinə də toxunub: “ Əfsuslar ki, bu xəstəlik zamanı xəstələr özbaşına antibiotiklərə üz tuturlar. Onu qeyd etməliyəm ki, viruslara heç bir antibiotik təsir eləmir. Antibiotiklər bakteriyalar üçündür. Viruslar üçün antiviral dərmanlar mövcuddur və göstəriş olarsa, həkim tərəfindən təyin olunur. Xəstələrin özbaşına dərman müalicəsinə müraciət etməsi düzgün deyil. Bunun yerinə bol maye qəbul edilməli və simptomatik müalicə təyin olunmalıdır. Məsələn, burun tıxanıqlığı varsa, burun damcılarından, boğaz ağrısına qarşı spreylərdən, hərarət 38-i keçərsə qızdırmasalıcı dərmanlardan, bəlğəm incidirsə, durultmaq üçün bol maye qəbul etmək, daha sonra bəlğəmgətiricilərdən istifadə etmək olar. Qızdırma üç gündən çox davam edərsə, digər şikayətlər kəskinləşərsə, tənəffüs çatışmazlığı və digər narahatverici durumlar olarsa, mütləq həkimə müraciət olunmalıdır.
Hazırda qripə görə peyvəndləmə də davam edir. İmmuniteti zəif olanlar, yaşlılar, uşaqların qripə qarşı peyvənd olunması tövsiyə edilir”.