Psixoloq: Uşaqlarda nitq və psixologiyanın inkişafı paralel aparılmalıdır

Bakı, 19 avqust, AZƏRTAC

Uşaqlarda nitq qüsurlarının səbəbləri müxtəlifdir. Nitqdə olan ləngimə bəzən genetik, bəzən isə patoloji səbəblərdən qaynaqlanır. Valideynlər bilməlidirlər ki, uşaqlar iki-üç aylıq olarkən qığıldamalı, 6-8 aylıqda bəzi hecaları bilməli və adını çağırdıqda göz kontaktı ilə reaksiya verməli, 1 yaşından sonra ünvanlı sözlər deməlidir. Bir yaşında hecalardan istifadə etməyən, xüsusilə adına göz kontaktı ilə reaksiya verməyən uşaqlarla əlaqədar mütəxəssisə müraciət etmək vacibdir.

AZƏRTAC xəbər verir ki, psixoloq Tünzalə Aslanova uşaqlarda nitq pozuntuları barədə danışıb.

Bildirib ki, övladlarında bu cür narahatlıqlar müşahidə edən valideynlər pediatra müraciət etdikdə, onlar uyğun ixtisas həkiminə yönləndirilir: “Həmin problemlərin yaranma səbəbindən asılı olaraq müalicəyə nevropatoloq, psixoloq və ya loqoped cəlb edilir. Göz kontaktı qurmaqda çətinlik çəkən, söz bazası az olan uşaqlar mütləq psixoloq və ya nevropatoloq nəzarətində qalmalıdır. İki yaşlı uşağın aktiv istifadə etdiyi təxminən 40-a yaxın söz bazasının olmaması problemdir. Bəzən valideynlər uşaqların “ana”, “ata”, “nənə”, “baba” sözlərini işlətdikləri üçün düşünürlər ki, uşaq danışa bilir. Bəzi uşaqlar hətta ünvanlı şəkildə müraciət etməsələr də, bu sözlərdən istifadə edirlər. Əvvəla nəzərə almaq lazımdır ki, həmin sözlərin əksəriyyəti eyni və ya oxşar hecaların birləşməsindən yaranıb. Yəni, 2 yaşlı uşağın sadəcə tərkibində oxşar hecalar olan sözlərdən istifadə etməsi, ünvansız danışması patologiyadır. Uşağın həkim nəzarətində söz bazasını çoxaltmaq, onun psixi və nitq inkişafına nəzarət etmək lazımdır. Nevroloji problemlərdən qaynaqlanmayan nitq ləngimələrinin müalicəsində psixososial məşqlər çox önəmlidir”.

T.Aslanova uşaqlarda nitq və psixologiyanın paralel inkişafından danışıb: “Zəkası normal olub, nitqində lənglik olan uşaqlar var, lakin nitqində problem olanların adətən psixikasında da narahatlıqlar olur. Uşağın psixikasını yoxlayan müvafiq testlərin nəticəsi qənaətbəxş olanda valideynlər sevinirlər ki, uşağın əsas psixoloji problemi olmasın, nitq özü-özünə düzələr. Bu, sadəcə mifdir. Nitq problemi birmənalı olaraq uşağın psixi inkişafını da ləngidir. Dörd yaşlı uşaq mürəkkəb cümlələr qurmalı, aktiv söz bazasına malik olmalı, sutkada 100-dən artıq sual verməlidir.

Uşaqların nitq problemləri adətən məktəb dövründən etibarən daha çox bəlli olur, çünki müəllimlər valideynlərə övladının fikrini ifadə edə bilməməsi, dərsi gec qavraması və ya söz bazasının az olması barədə mütəmadi məlumat verirlər”.