Pediatrik afakik qlaukoma dünyada uşaq korluğunun əsas səbəblərindən biridir
Bakı, 10 mart, AZƏRTAC
Dünyada hər il 30 min körpə anadangəlmə katarakta ilə doğulur və hazırda dünyada anadangəlmə kataraktası olan 200 min uşaq var.
AZƏRTAC xəbər verir ki, bunu akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin pediatr-oftalmoloqu, tibb üzrə fəlsəfə doktoru Nigar Həsənova “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfransda “Pediatrik afakik qlaukoma” mövzusunda çıxışı zamanı deyib.
Mütəxəssis bildirib ki, üçüncü dünya ölkələrində katarakta səbəbindən uşaq korluğunun rastgəlmə tezliyi daha yüksəkdir: “Kataraktanın cərrahiyyə əməliyyatından sonra baş verən ikincili qlaukoma ən təhlükəli ağırlaşma hesab olunur. Pediatrik afakik qlaukomanın rastgəlmə tezliyi 15-45 faiz arasında dəyişir. Həmin oftalmoloji xəstəliyi olan uşaqlara diaqnoz qoymaq çətindir, çünki yüksək gözdaxili təzyiqə baxmayaraq, uzun müddət onlarda başqa əlamət müşahidə edilmir. Əlamətlər özünü gec büruzə verdiyindən anadangəlmə qlaukoma əlamətləri müşahidə olunmur.
Uşaqlarda lensektomiya təkmilləşdirilmiş texnika və alətlərlə aparılır. Lakin əməliyyatdan sonrakı beş il ərzində 40 faiz hallarda ağırlaşma baş verir. Əməliyyatın vaxtının ikincili qlaukomaya ən çox təsir edən amil olması sübuta yetirilib. Belə ki, əməliyyat uşağın 4-8 həftəsindən sonra aparılanda risk azalır. Erkən müdaxilə zamanı isə qlaukoma riski yüksəkdir və uşaq böyüdükcə proqressivləşən gedişata malik olur. Ümumiyyətlə, pediatrik afakik qlaukoma lensektomiyanın ağırlaşması olaraq dünyada uşaq korluğunun əsas səbəblərindən biridir. Lensektomiyanın körpənin 12-ci həftəsinə qədər təxirə salınması ikincili qlaukoma riskinin xeyli azalmasına gətirib çıxarır”.