Pediatr: İlk üç gün respirator virusların kəskin dövrüdür

Bakı, 25 yanvar, AZƏRTAC

Son zamanlar havaların soyuması ilə əlaqədar hər il qış mövsümündə müşahidə etdiyimiz kimi respirator viruslara yoluxma halları artıb. Həmin viruslar üst və alt tənəffüs yollarını tutur. Boğaz ağrısı, burun axması və davamlı öskürəklə müşahidə olunur. Həmin viruslar ilk öncə burunun, boğazın selikli qişasında yerləşir və boğaz ağrısı, burun axıntısı şikayətləri yaradır. Sonra isə bronxların selikli qişalarını zədələyir ki, nəticədə öskürək əmələ gəlir. Bronxların selikli qişaları tam bərpa olunana qədər öskürək davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev nazirliyin instaqram səhifəsində “Uşaqlar arasında yayılan viruslar” mövzusunda canlı yayımda deyib.

Mütəxəssis-ekspert bildirib ki, ilk üç gün həmin virusların kəskin dövrüdür: “Vilurentliyi, yəni virusun yükü yüksək olduğu üçün şiddətli qızdırma ilə başlayır. Qızdırmanı hərarətsalıcı dərmanlarla endirmək olar. Bunu da qeyd edim ki, dərmanın təsiri keçən kimi, yəni 3-4 saat sonra qızdırma yenidən yüksəlir. Odur ki, bol maye qəbulu və qızdırmasalıcı dərmanlardan istifadəni tövsiyə edərdim. Əgər görülən tədbirlərə baxmayaraq hərarət enməzsə, tibb müəssisələrinə müraciət etmək lazımdır. Virusun kəskin dövründən sonra hər hansı bir əlamət qalırsa və ya yeni bir simptom əlavə olunursa – baş, qulaq, göz ağrıları, gözlərdən çirk, irin gəlirsə, yəni konyunktivit əmələ gəlirsə, bu, virusun ciddi bakterial ağırlaşması ola bilər. Bu halda xəstənin vəziyyəti həkim tərəfindən dəyərləndirilib diaqnoz qoyulmalı və müvafiq müalicələrə başlanılmalıdır”.

Ə. Quliyevin sözlərinə görə, əgər bir uşaq tez-tez xəstələnirsə, valideynləri onun immun sisteminin zəif olduğunu düşünür və immuniteti gücləndirmək yollarını axtarırlar. Bu, düzgün yanaşma deyil. Çünki immun sistemi uşağın 6-7 yaşına qədər formalaşmağa davam edir. Həmin yaş dövrünə qədər uşaqlar hansısa virus və infeksiyalarla rastlaşdıqda daha tez-tez xəstələnə bilərlər. İldə hətta 8-9 dəfə xəstələnsələr, bu, norma çərçivəsindədir. Səkkiz yaşdan böyük uşaqlar isə həmin yaş qrupuna nisbətən daha nadir xəstələnir və xəstəliyi yüngül keçirirlər. Bu, normal inkişafda olan immun sisteminin cavabıdır. İmmun sistemini gücləndirmək və yoluxmadan qorumaq üçün sağlam həyat tərzi, düzgün qidalanma, normal yuxu rejimi məsləhətdir. Bundan başqa, mütəxəssislər altı aylıqdan sonra uşaqlara hər il sentyabr-oktyabr aylarında qrip əleyhinə peyvənd vurulmasını tövsiyə edirlər.