Uşaqlarda Parasetamol Zəhərlənməsi: Risklər, Əlamətlər və Müalicə Yolları. Həkim Nərmin Əzizova

Parasetamol nədir və necə istifadə olunur?
Parasetamol (asetaminofen) dünya miqyasında ən çox istifadə olunan ağrıkəsici və qızdırmasalıcı dərmanlardan biridir. Xüsusilə uşaqlarda yüksək hərarətin və ağrıların aradan qaldırılmasında geniş tətbiq edilir. Yan təsirləri minimal olduğundan və mədə-bağırsaq sisteminə mənfi təsir göstərmədiyindən, həmçinin hamilələrdə istifadə oluna bildiyindən, geniş istifadə olunur. “Coldrex”, “Gribex”, “Theraflu”, “Panadol”, “Tylol” kimi dərman preparatlarında digər maddələrlə birgə istifadə olunur.
Zəhərlənmə riskləri
Parasetamolun təhlükəsiz qəbul dozası aşılarsa, qaraciyərdə metabolizə olunan toksik metabolitlər ciddi zədələnməyə səbəb olur. Böyük dozada qəbulu qaraciyər və böyrək funksiyalarının pozulmasına, hətta ölümə qədər aparıb çıxara bilər. Uşaqlarda bu risk daha yüksəkdir, çünki valideynlər bəzən düzgün dozada vermirlər və ya kombinə dərmanlarla birlikdə təkrarlayan istifadələr edirlər.
Zəhərlənmənin klinik əlamətləri
Parasetamol zəhərlənməsi dörd əsas mərhələdə inkişaf edir:
1. Əvvəlki mərhələ (0-24 saat):
- Halsızlıq
- Ürəkbulanma
- Qusma
- İştahsızlıq
Bu mərhələdə simptomlar minimal və ya heç müşahidə olunmaya bilər.
2. Qaraciyərin zədələnməsi mərhələsi (24-72 saat):
- Qarnın yuxarı hissəsində ağrılar
- Qaraciyər fermentlərinin (ALT, AST) yüksəlməsi
- Qaraciyər funksiyalarında pozulmalar
Bu mərhələdə tibbi müdaxilə vacibdir və doğru müalicə ilə xəstə sağalır.
3. Kəskin qaraciyər yetməzliyi mərhələsi (72-96 saat):
- Metabolik asidoz (qanın turşuluğunun artması)
- Qanın laxtalanma problemləri
- Böyrək çatışmazlığı
- Ensefalopatiya (beyin funksiyalarının pozulması)
- Sarılıq
Bu mərhələdə xəstənin həyatı təhlükədədir və təcili tibbi müdaxilə lazımdır.
4. Sağalma və ya fəsadlaşma mərhələsi (96 saat və sonrası):
- Sağalan xəstələrdə qaraciyər funksiyaları 1-3 ay ərzində tam bərpa olunur.
- Ağır zədələnmə olmuş xəstələrdə isə böyrək çatışmazlığı riski yüksəkdir.
Toksik doza və təhlükələr
- 6 yaşdan yuxarı uşaqlar və böyüklər:
Bir dəfəyə 200 mq/kq və ya 10 qr (20 tablet) parasetamol qəbul etmək yüksək risk daşıyır. - 6 yaşdan aşağı uşaqlar:
200 mq/kq dozadan çox qəbul edildikdə kəskin qaraciyər zədələnməsi yarana bilər. - Uzunmüddətli istifadədə:
- 6 yaşdan kiçik uşaqlarda 3 gün ərzində 100 mq/kq-dan artıq,
- 6 yaşdan böyük uşaqlarda isə 2 gün ərzində 150 mq/kq-dan artıq qəbul edildikdə zəhərlənmə riski artır.
Diaqnoz necə qoyulur?
- Anamnez və qan analizləri ilə müəyyən edilir.
- Qanda parasetamol səviyyəsi 200 mikroqram/ml-dən yüksək olarsa, qaraciyər zədələnməsi riski mövcuddur.
- ALT, AST, GGT, bilirubin səviyyəsinin artması, protrombin vaxtının uzanması qaraciyər funksiyalarının pozulmasını göstərir.
- Kreatinin səviyyəsinin artması böyrək çatışmazlığını işarə edir.
- Həmçinin:
- Qanda ammonyak səviyyəsi (ensefalopatiya zamanı yüksəlir)
- Qaraciyərin sintetik funksiyaları (albumin, protrombin vaxtı)
Müalicə yolları
- İlk yardım olaraq qusdurmaq və ya mədənin yuyulması (gastrik lavaj) tövsiyə olunur.
- Aktiv kömür toksik maddələrin sorulmasını azalda bilər.
- Ağır hallarda N-asetilsistein tətbiq edilir.
- İlk 15 dəqiqə ərzində 150 mq/kq,
- Sonrakı 4 saatda 50 mq/kq,
- 16 saat ərzində isə 100 mq/kq intravenoz infuziya edilir.
- Müalicə “Rumack-Matthew nomogramı”na əsasən təyin olunur.
- Plazmaferiz və ya hemodializ: Ağır hallarda toksik maddələrin qan dövranından təmizlənməsi məqsədilə tətbiq edilir.
Profilaktik tədbirlər
- Dərmanlar uşaqların əlinin çatmayacağı yerdə saxlanılmalıdır.
- Eyni tərkibli kombinə preparatların birlikdə istifadəsinə diqqət yetirilməlidir.
- Valideynlər dozanı düzgün ölçmək üçün xüsusi ölçü qaşıqları və stəkanları istifadə etməlidirlər.
- İstifadə müddəti 10 gündən artıq olmamalıdır.
Pediatriya.az tövisyə edir:
- Dərmanların düzgün istifadəsi övladlarınızın sağlamlığı üçün ən əsas şərtdir.
- Əgər övladınıza parasetamol tərkibli preparat verirsinizsə, bu dərmanın başqa preparatlarla birlikdə tərkibində olub-olmadığını mütləq yoxlayın.
- Uşaqların dərman qəbulunu mütləq həkim məsləhəti ilə həyata keçirin.
- Dərman qutusunda göstərilən dozadan artıq istifadə etməyin və hər istifadədən sonra vaxt qeyd edin.
- Əgər hərarət 3 gündən çox davam edirsə və parasetamol təsir göstərmirsə, dərhal həkimə müraciət edin.