Onkoloji Klinikada Xərçənglə Mübarizə Günü qeyd edilib
Azərbaycan Tibb Universitetinin (ATU) Onkoloji Klinikasında 4 fevral-Dünya Xərçənglə Mübarizə Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə klinikanın direktoru, akademik Əhliman Əmiraslanov bu günün təsis olunması səbəbindən və əhəmiyyətindən danışıb: “Dünya Xərçəng Günü 2005-ci ildə Xərçəng Əleyhinə Beynəlxalq İttifaq tərəfindən təsis edilib. Əsas məqsəd dünya ölkələrinin diqqətini bu qlobal problemə yönəltmək, onun nə dərəcədə təhlükəli olduğunu və mübarizənin yalnız birlikdə aparıldıqda effektiv olmasını bir daha dünya ictimaiyyətinə xatırlatmaqdır”.
Akademik rəhbərlik etdiyi qurum, klinikanın yaranması, tarixi, fəaliyyəti və burada aparılan əməliyyatlar haqqında da məlumat verib. Bildirilib ki, ATU-nun Onkoloji klinikası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 noyabr 2006-cı il 250 saylı qərarına əsasən yaradılıb. Bu tibb müəssisəsinin açılışı 18 iyun 2007-ci ildə baş tutub. Klinikada iki stasionar-poliklinika və diaqnostika, əməliyyat və anestezioloji şöbələri fəaliyyət göstərir. Burada onkoloji xəstələrin müayinə və müalicəsi aparılır, yüksək ixtisaslı həkimlər tərəfindən hər növ şiş əməliyyatları icra olunur.
Klinikanın baş həkimi, dosent Nəsimi Qasımov son həftə ərzində Onkoloji Klinikada icra olunan əməliyyatlar haqqında geniş məlumat verib.
Tədbir cari məsələlərin müzakirəsi ilə davam etdirilib.