Nikaha daxil olmaq istəyən 457422 nəfər müayinə olunub

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının aşkarlanmasında mühüm rol oynayıb. Belə ki, aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır.

1 iyun 2015-ci il tarixindən 31 avqust 2018-ci il tarixinədək müayinələrdən keçmiş şəxslərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunub.

Talassemiyanın profilaktikası labaratoriyasında ümumi 457422 nikaha daxil olan şəxs müayinədən keçmiş, onlardan 16847 nəfərdə talassemiya daşıyıcılığı, 1575 nəfərdə siflis, 387 nəfərdə HİV1/2 (QİÇS) aşkarlanıb.

2018-ci il 1 yanvar tarixindən 31 avqustadək cəmi müayinə olunanların sayı 93138, onlardan 2773 nəfərdə talassemiya daşıyıcılığı, 242 nəfərdə siflis, 105 nəfərdə HİV1/2 (QİÇS) qeydə alınıb.

Qeyd edək ki, “Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

 

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı