Naftalan Mərkəzi Xəstəxanası istifadəyə verilmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı xəstəxana binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına bu tibb müəssisəsində yaradılan şərait barədə məlumat verdi.
Bildirildi ki, 60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada müvafiq şöbələr yaradılıb. Bu müəssisənin laboratoriya şöbəsi ən müasir avadanlıqla təchiz olunub. Bu da laborator müayinələri yüksək keyfiyyət, dəqiqlik və qısa müddətə aparmağa imkan verir. Burada, eyni zamanda, şüa diaqnostika, qəbul, inzibati, poliklinika, reanimasiya, intensiv terapiya şöbələri fəaliyyət göstərəcək. Əməliyyat bloku da müasir tibbi avadanlıqla təmin edilib. Xəstəxananın bütün şöbələrində ən müasir tibb avadanlıqları quraşdırılıb.
Bu gün Azərbaycanda səhiyyənin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir ki, indi respublikamızın bütün bölgələrində müasir səviyyədə tibb ocaqları yaradılıb. Son illərdə səhiyyə sisteminin təkmilləşdirilməsi və inkişafı ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Ən mühüm məqamlardan biri odur ki, Azərbaycan vətəndaşlarının hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam yetişməsi istiqamətində icra edilən layihələr dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Dövlətimiz tərəfindən vətəndaşların məhz ölkəmizdə yüksək səviyyəli tibbi xidmətlərdən yararlanmaları ilə bağlı çox mühüm işlər görülür. Naftalan Şəhər Mərkəzi Xəstəxanası kimi müasir tibb müəssisəsinin istifadəyə verilməsi yalnız şəhər sakinlərinə deyil, eyni zamanda, regionun əhalisinə hərtərəfli tibbi xidmət göstərməyə imkan verəcək. Bu cür layihələrin icrası zamanı səhiyyə müəssisələrinin dünyanın aparıcı şirkətlərinin müasir tibbi avadanlığı ilə təchiz edilməsi isə xüsusilə vacibdir. Xəstəxanada əsas korpus, keçid məntəqəsi, transformator yarımstansiyası, qazanxana və nasosxana binaları, oksigen stansiyası, dizel generator meydançası və stansiyası yaradılıb.
Xəstəxana binası ilə tanışlıqdan sonra Prezident İlham Əliyev səhiyyə müəssisəsinin kollektivi ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
-Sizi salamlayıram. Naftalan Şəhər Xəstəxanasının açılışı münasibətilə sizi təbrik edirəm. Çox gözəl xəstəxanadır. İndi xəstəxana ilə tanış oldum. Görürəm ki, bütün işlər yüksək səviyyədə təşkil edilib. Şadam ki, bu xəstəxana istifadəyə verilir. Bu xəstəxananın tikintisi mənim təşəbbüsümlə həyata keçirildi. Naftalan şəhərinin müasir tibb ocağı olmalı idi və şadam ki, biz buna nail olduq. Həm xarici görünüşü, həm də daxili tərtibatı gözəldir və əlbəttə ki, şərait də yaxşıdır. Bütün lazımi avadanlıqlar var, ən yüksək standartlar tətbiq olunur, ölkəmizin hər bir yerində belə gözəl xəstəxanalar tikilir. Burada yüksək tibbi xidmət göstərmək üçün bütün şərait yaradılıb. On iki şöbə var. Demək olar ki, bütün şöbələr fəaliyyət göstərəcək. Həm şəhər sakinlərinə, həm də Naftalana gələn qonaqlara yüksək xidmət göstəriləcəkdir.
Bu xəstəxananın tikintisi son illər ərzində səhiyyə sahəsinə ayrılan diqqətin və qoyulan vəsaitin təzahürüdür. Səhiyyə sisteminin möhkəmləndirilməsi sahəsində böyük işlər görülüb. Son 15 ildə 600-dan çox tibb müəssisəsi yaradılıb, yenidən tikilib və ya əsaslı təmir olunub. Biz demək olar ki, ölkəmizin hər bir yerində müasir tibb mərkəzlərinin yaradılmasına nail olduq.
Bu ilin Dövlət İnvestisiya Proqramında 6 şəhər xəstəxanasının açılışı nəzərdə tutulur. Onların sırasında birinci Naftalan xəstəxanasıdır. Ümid edirəm ki, ilin sonuna qədər digər beş şəhərdə də xəstəxanaların açılışı təmin ediləcək. Beləliklə, Azərbaycanın bütün şəhərlərində ən müasir tibb mərkəzləri yaradılmış olur. Bu, bir neçə il bundan əvvəl qarşımıza qoyduğumuz məsələlərdən biri idi. Biz bu məqsədə çatmaq üçün ardıcıllıqla böyük işlər görürük.
Əlbəttə ki, bunlar böyük maliyyə vəsaiti tələb edən layihələrdir. Azərbaycan dövləti iqtisadi cəhətdən kifayət qədər güclüdür və gücümüz artır. Sosial məsələlər bizim siyasətimizin əsas prioritetidir. Ona görə imkanımız da, siyasi iradəmiz də, texniki imkanlarımız var. Bütün səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük işlər görülübdür.
Azərbaycanda tibbi xidmətin səviyyəsi artır. Mənim təşəbbüsümlə bir neçə il ərzində artıq kütləvi müayinədənkeçmə proqramı həyata keçirilir. Mən əvvəlki illərdə bu məsələ ilə bağlı fikirlərimi dəfələrlə bildirmişdim, demişdim ki, hər bir vətəndaş ildə heç olmasa bir dəfə gərək tibbi müayinədən keçsin. İndi bunu etmək üçün hər bir rayonda bütün imkanlar var. Dövlət öz dəstəyini göstərərək bu işləri təşkil edir. Bu il keçən ildəki kimi, 5 milyondan çox Azərbaycan vətəndaşı bu imkandan istifadə edib. Müayinə zamanı vətəndaşlarda aşkar olunan xəstəliklər sonra ixtisaslaşmış mərkəzlərdə müalicə edilir.
İcbari tibbi sığorta sisteminin tətbiqinə başlanmışdır. Artıq iki şəhərdə bu sistem mövcuddur və biz bu sistemin üstünlüklərini görürük. Biz səhiyyə sistemimizi tədricən bu istiqamətdə inkişaf etdirəcəyik. Biz növbəti illərdə yeni şəhərləri bu sistemlə əhatə edəcəyik.
İnsan sağlamlığı ən vacib məsələlərdən biridir. Azərbaycanda insan sağlamlığını təmin etmək, sağlamlığı qorumaq, profilaktik tədbirlər görmək üçün kompleks işlər aparılır. Bundan sonra da bu işlərin görülməsi üçün yaxşı şərait var, o cümlədən Naftalan şəhərində. Xəstəxana, eyni zamanda, həkimlərin iş yeridir. Hesab edirəm ki, hər bir həkim, hər bir tibb işçisi üçün belə şəraitdə işləmək xüsusi zövq verir.
Naftalan şəhərinin ümumi inkişafı sürətlə gedir. Mən Prezident kimi Naftalan şəhərinə ilk dəfə olaraq on il bundan əvvəl gəlmişdim. O vaxt gördüyüm mənzərə, sözün düzü, məni çox narahat etdi, çox məyus etdi. Çünki şəhər çox ağır vəziyyətdə idi. Siz bunu yaxşı bilirsiniz. O vaxt infrastruktur layihələri ilə bağlı böyük problemlər var idi, elektrik enerjisi fasilələrlə verilirdi, təbii qaz, içməli su yox idi, yaşayış binaları bərbad, yollar dağılmış vəziyyətdə idi, sovet vaxtında tikilmiş sanatoriyalarda ağır vəziyyətdə məcburi köçkünlər yerləşmişdi. Vaxtilə Sovet İttifaqının turizm mərkəzlərindən biri olan Naftalan bu adı demək olar ki, itirmişdi. Nəinki başqa ölkələrdən, hətta Azərbaycanın heç bir yerindən buraya gələn yox idi. Ona görə mən dərhal kompleks tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verdim. Naftalanın hərtərəfli inkişaf planı hazırlandı və mən bu planı təsdiqlədim. Bu gün biz aparılan bu işlərin real nəticələrini görürük. İlk növbədə, biz ağır vəziyyətdə, yarıdağılmış sanatoriyalarda məskunlaşmış köçkünləri gərək yeni evlərə köçürəydik, bunu etdik. Bütün məcburi köçkünlər onlar üçün xüsusi tikilmiş, böyük maliyyə vəsaiti hesabına ərsəyə gələn yeni evlərə köçürüldü və Naftalan şəhərində köçkünlər problemi artıq həll olunub.
İnfrastruktur layihələri icra edilməyə başlandı. Elektrik enerjisi ilə təchizat təmin edildi. Bu gün bu məsələ ilə bağlı heç bir problem yoxdur. Təbii qaz indi Naftalanda yüz faiz təmin edilir. Əhalinin yüz faizi təbii qaza malikdir. Naftalanda içməli su layihəsi beş il bundan əvvəl mənim iştirakımla istismara verilmişdir. Yollar salındı, digər infrastruktur layihələri icra edildi, məktəblər əsaslı şəkildə təmir olundu. Yəni, Naftalanda infrastruktur layihələri ilə bağlı olan bütün məsələlər kompleks şəkildə öz həlli tapdı. O cümlədən şəhərin abadlaşdırılması işlərinə vəsait ayrıldı, parklar salındı, icra hakimiyyətinin yeni binası, Heydər Əliyev Mərkəzi tikildi və Naftalanın əvvəlki şöhrəti özünə qaytarıldı.
Bu, işin birinci mərhələsi idi. Bu layihələr həyata keçirilmədən hər hansı bir inkişafdan söhbət gedə bilməzdi. Bununla paralel olaraq, biz Naftalanı müasir turizm mərkəzinə çevirmək üçün konkret addımlar atmağa başlamışıq. Mənim iştirakımla 3 böyük sanatoriya, – indi onlar mehmanxana sayılırlar, – yenidən tikildi, əsaslı şəkildə təmir edildi və istifadəyə verildi. Birinci “Çinar” sanatoriyası, ondan sonra “Qaşaltı”, ondan sonra isə “Qarabağ”. Bu 3 sanatoriya-mehmanxanada mindən çox otaq var. Burada həm ən yüksək səviyyədə müalicə işləri aparılır, həm də ki, vətəndaşlar və qonaqlar istirahət edirlər. Yaxın gələcəkdə yeni mehmanxananın açılışı gözlənilir. Mənə indi bu barədə məlumat verildi. O qədər də böyük olmayan digər mərkəzlər, istirahət zonaları yaradılır. Beləliklə, Naftalan nəinki ölkəmizin, dünyanın nadir turizm mərkəzlərindən birinə çevrilir.
Mənə verilən məlumata görə, keçən il Naftalana 62 ölkədən 35 min qonaq gəlmişdir. Baxın, on il bundan əvvəl, ümumiyyətlə, gələn qonaqlardan söhbət belə getmirdi. Ancaq ötən il 35 min qonaq gəlib. Mən hesab edirəm ki, bu, hələ başlanğıcdır. Çünki məndə olan məlumata görə, sovet vaxtında Naftalana ildə 70 min qonaq gəlirdi. Hesab edirəm ki, bu gün Azərbaycanda turizmin çox sürətlə inkişaf etdiyini nəzərə alsaq, biz bu hədəfə çata bilərik. Turistlərin sayı 2016-cı ildə 22 faiz, 2017-ci ildə 20 faiz, bu ilin 5 ayında isə 10 faiz artıb. Azərbaycan indi dünya miqyasında gözəl turizm mərkəzi kimi tanınır. O cümlədən müalicəvi turizmin inkişafı üçün bizdə bütün imkanlar var, həm Naftalanda, həm digər şəhərlərdə. Belə şəraiti olan şəhərdə əlbəttə ki, qonaqların sayı artmalıdır.
Son 10 il ərzində Naftalanda görülən işlər ümumi inkişaf dinamikamızı göstərir. Onu göstərir ki, güclü siyasi iradə olan yerdə, düşünülmüş siyasət aparılan ölkədə uğurlar da, nəticələr də, qələbələr də olacaq, insanlar daha yaxşı yaşayacaqlar. Naftalanda iş yerlərinin yaradılması son illər ərzində çox sürətlə gedib. Burada yaşayan vətəndaşların böyük əksəriyyəti xidmət sektorunda işləyir, yaxşı məvacib alır və ölkəmizin inkişafına öz dəyərli töhfəsini verir. Əminəm ki, bundan sonra Naftalanda işlər yaxşı gedəcək və şəhərin inkişafı uğurla davam etdiriləcək.
Sizi bir daha bu gözəl hadisə münasibətilə təbrik edirəm.
X X X
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının həkimi Tünzalə SƏFƏROVA çıxış edərək dedi :
-Möhtərəm cənab Prezident, Sizi səhiyyə işçiləri adından salamlayıram, Naftalana xoş gəlmisiniz. Bu gün bizim üçün çox əlamətdar bir gündür. Sizin tapşırığınızla şəhərimizdə inşa edilmiş bu yeni xəstəxana binasını istifadəyə verirsiniz. Ən müasir tibbi avadanlıqlarla təchiz olunmuş bu xəstəxana əhalimizin sağlamlığının qorunmasına və onların daha yaxşı tibbi xidmət almalarına böyük kömək göstərəcək. Bu gün elə bir bölgəmiz yoxdur ki, orada yeni-yeni səhiyyə obyektləri tikilməsin və ya istifadəyə verilməsin. Bu səhiyyə obyektlərinin tikilməsinə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Siz bütün siyasətinizlə ümumbəşəri dəyərlərə sadiq qaldığınızı bir daha nümayiş etdirirsiniz. Açılışında iştirak etdiyiniz bu yeni tibb müəssisəsi də vətəndaşlarımızın sağlamlığının qorunmasına və onların daha yaxşı tibbi xidmət almalarına böyük kömək göstərəcək. Sizin tapşırığınızla hər il icra etdiyimiz vətəndaşların ödənişsiz tibbi müayinəsi bu geniş səhiyyə ocağında daha yaxşı və mütəşəkkil şəkildə həyata keçiriləcək. Gördüyünüz bütün bu işlərə görə xalqımız məhz Sizə – öz Prezidentinə bir daha inanır və dərindən rəğbət bəsləyir. Bütün bu işlərə görə Sizə və Sizin ən yaxın silahdaşınız olan Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Fürsətdən istifadə edərək, salamlarımızı hörmətli Mehriban xanıma çatdırmağınızı xahiş edirik. Sağ olun, var olun. Allah Sizi və ailənizi qorusun.
X X X
Sonda xatirə şəkli çəkdirildi.