Mütəxəssis: Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl doğulur
Bakı, 7 mart, AZƏRTAC
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neonatoloq-reanimatoloq Bəxtiyar Zeynalov vaxtından əvvəl doğulmuş körpələrdə yaranan sağlamlıq problemləri, xəstəliklərin müalicə üsulları ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.
– Bəxtiyar həkim, hansı doğuşlar vaxtından əvvəl doğuş hesab olunur?
– Hər il təxminən 15 milyon körpə vaxtından əvvəl (37-ci tamamlanan hamiləlik həftəsindən əvvəl) doğulur. Vaxtından əvvəl doğulmuş körpələrdə, xüsusən də çox erkən doğulanlarda bəzən sağlamlıq problemləri yarana bilər. Bu körpənin vaxtından nə qədər əvvəl dünyaya gəldiyindən asılıdır: vaxtından son dərəcə erkən doğulan (hamiləliyin 28-ci həftəsinə qədər); vaxtından çox erkən doğulan (hamiləliyin 28-32-ci həftələrində); doğuş müddətinə yaxın doğulan (hamiləliyin 32-37-ci həftələrində).
Tipik olaraq vaxtından əvvəl doğuşun ağırlaşmaları fərqlidir. Əksər hallarda vaxtından əvvəl doğuşun spesifik səbəbi aydın deyil. Bununla belə, məlum risk faktorlarına diabet və ya infeksiyalar kimi xroniki sağlamlıq problemləri, narkotik və ya alkoqoldan istifadə, çoxdöllü hamiləlik, preeklampsi (hamiləlik zamanı yüksək təzyiq), stresli həyat tərzi və digərləri daxildir.
– Vaxtından əvvəl doğuşun fəsadları nələrdir?
– Baxmayaraq ki, bütün vaxtından əvvəl doğulmuş körpələr fəsadlarla qarşılaşmasa da, erkən doğuş qısamüddətli və uzunmüddətli sağlamlıq problemlərin yaranmasına səbəb ola bilər. Ümumiyyətlə, körpə nə qədər tez doğulsa, ağırlaşma riski bir o qədər yüksəkdir. Vaxtından əvvəl doğulmuş uşağın çəkisi də mühüm rol oynayır. Bəzi problemlər doğuş zamanı görünə, bəziləri isə sonradan inkişaf edə bilər.
İlk həftələrdə vaxtından əvvəl doğuşun ağırlaşmalarına aşağıdakılar daxildir. Tənəffüs problemləri – Vaxtından əvvəl doğulmuş körpənin tənəffüs sisteminin yetişməməsi səbəbindən nəfəs almaqda çətinlik yarana bilər. Körpələrdə bronxopulmoner displaziya kimi tanınan ağciyər xəstəliyi də inkişaf edə bilər. Bundan əlavə, bəzi vaxtından əvvəl doğulmuş körpələr apne sindromu kimi tanınan nəfəslərində uzunmüddətli fasilələrlə qarşılaşa bilərlər.
Ürək problemləri – Vaxtından əvvəl doğulmuş körpələrdə ən çox rast gəlinən ürək problemləri “Patent Duktus Arteriosus” (PDA) və aşağı qan təzyiqidir (hipotensiyon). Körpələrdə bədən hərarəti çox aşağı düşərsə, anormal dərəcədə aşağı bədən hərarəti ilə (hipotermiya) nəticələnə bilər.
Vaxtından əvvəl doğulmuş körpələrdə yetişməmiş mədə-bağırsaq sistemi var. Nəticədə nekrotizə enterokolit (NEC) kimi fəsadlar yaranır. Bağırsaq divarını əhatə edən hüceyrələrin zədələndiyi bu ciddi vəziyyət vaxtından əvvəl doğulmuş körpələrdə qidalanmaya başladıqdan sonra baş verə bilər.
Vaxtından əvvəl doğulmuş körpələr anemiya və yeni doğulmuşun sarılıq kimi qan problemləri riski altındadır. Anemiya bədəndə kifayət qədər qırmızı qan hüceyrələrinin olmadığı ümumi bir vəziyyətdir. Sarılığın bir çox səbəbi olsa da, erkən doğulmuş körpələrdə daha çox rast gəlinir.
Metabolizm problemləri – vaxtından əvvəl doğulmuş körpələrdə tez-tez maddələr mübadiləsi ilə bağlı problemlər olur. Bəzi hallarda anormal dərəcədə aşağı qan şəkəri (hipoqlikemiya) inkişaf edə bilər.
Vaxtından əvvəl doğulmuş körpələrdə rast gəlinən zəif inkişaf etmiş immun sistemi infeksiya riskinin artmasına gətirə bilər.
Vaxtından əvvəl doğuşun sonradan inkişaf edən ağırlaşmalarına bunlar daxildir. Serebral iflic. İnfeksiya qeyri-adekvat qan axını, hamiləliyin erkən dövründə və ya yeni doğulmuş körpədə inkişaf edən beyninin zədələnməsi nəticəsində yarana bilən hərəkət və əzələ tonusu pozuntusudur. Bu körpələr müxtəlif inkişaf mərhələlərində vaxtında doğulmuşlardan geri qalırlar.
Onlarda gözün arxasındakı sinirlərin işığa həssas təbəqəsində (torlu qişa) həddindən artıq böyüməsi nəticəsində yaranan erkən doğuş retinopatiyası inkişaf edə bilər. Onlar müəyyən dərəcədə eşitmə itkisi riski altındadır. Bu körpələrdə diş çıxma gecikməsi, dişlərin rənginin dəyişməsi və düzgün olmayan dişlər kimi diş problemlərinin inkişafetmə riski yüksəkdir. Onlarda müəyyən davranış və ya psixoloji problemlər, eləcə də inkişaf geriləmələri tam müddətli körpələrə nisbətən daha çox müşahidə olunur.
Vaxtından əvvəl doğulmuş körpələrdə astma inkişaf etmə riski yüksəkdir.
– Bu problemləri necə həll etmək olar?
– Erkən doğuşdan ölümlərin və ağırlaşmaların qarşısının alınması sağlam hamiləlikdən başlayır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) antenatal baxım qaydalarına vaxtından əvvəl doğuşun qarşısını almaq üçün əsas müdaxilələr daxildir. Bunlara aiddir: sağlam pəhriz, optimal qidalanma, tütün və maddə istifadəsi ilə bağlı məsləhətlər; çoxdöllü hamiləliklərdə (əkiz hamiləlik, üçəm hamiləliyi və digərləri) vaxtında aşkar etməsi üçün erkən ultrasəsdən istifadə; risk faktorlarını müəyyən və idarə etmək üçün hamiləlik boyu (12 həftədən əvvəl başlayaraq) ən azı 8 dəfə tibb mütəxəssisi ilə əlaqə saxlamaq.
Əgər bir qadın vaxtından əvvəl doğuşla qarşılaşırsa və ya vaxtından əvvəl doğuş riski varsa, bu zaman vaxtından əvvəl doğulmuş körpəni gələcək nevroloji pozuntulardan, həmçinin tənəffüs və infeksiya ilə bağlı çətinliklərdən qorumaq üçün müalicələr mövcuddur. Bunlara doğuşu gecikdirmək üçün antenatal steroidlər və tokolitik müalicələr daxildir.
2022-ci ildə ÜST-nin vaxtından əvvəl doğulan körpəyə qulluq ilə bağlı yeni tövsiyələr dərc edib. Bunlar doğumdan dərhal sonra kenquru ana qayğısı, ana südü ilə qidalanmanın erkən başlaması, davamlı müsbət tənəffüs yolu təzyiqinin (CPAP) istifadəsi və tənəffüs problemləri üçün kofein kimi dərmanların vaxtından əvvəl doğulmuş və aşağı çəkisi olan körpələrdə ölüm hallarını əhəmiyyətli dərəcədə azalda biləcəyinə dair yeni sübutları əks etdirir.
ÜST-nin təlimatlarında ana və ailənin körpəyə qulluqda əsas rolu təmin etmələrinin vacibliyini vurğulanır. Ana və yeni doğulmuş körpələr doğuşdan sonra bir yerdə qalmalı və körpənin vəziyyəti ağır olmadığı halda ayrılmamalıdırlar. Tövsiyələrdə daha sonra təhsil və məsləhət, həmyaşıd dəstəyi və təlim keçmiş tibb işçilərinin evə baş çəkmələri də daxil olmaqla ailə dəstəyinin təkmilləşdirilməsi əks olunub.