Milli Onkologiya Mərkəzi ilə Liverpul və Vyana Tibb universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Mayın 25-də Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə Böyük Britaniyanın “Liverpool University Hospital”, “University College Hospital”, Avstriyanın Vyana Tibb Universiteti arasında qarşılıqlı elmi əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi olub.
AZƏRTAC xəbər verir ki, memorandum Milli Onkologiya Mərkəzinin direktoru akademik Cəmil Əliyev, “Liverpool University Hospital”ın icraçı direktorunun birinci müavini professor Sobhan Vinjamuri və Avstriyanın Vyana Tibb Universitetinin onkoloji elmi araşdırmalar laboratoriyasının rəsmi nümayəndələri – professor Markus Mitterhauser və professor Volfqanq Vadsak arasında imzalanıb.
Tədbirdə iştirak edənlərə Milli Onkologiya Mərkəzinin kliniki fəaliyyəti, mərkəzdə aparılan elmi araşdırmalara dair ətraflı izahat verilib. Qonaqlar tərəfindən Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti, Radionuklid Diaqnostika və Şüa Terapiyası şöbələrində aparılan elmi tədqiqatlar təhlil edilib və görülən işlər yüksək qiymətləndirilib.
Mərkəzin direktoru ölkəmizdə onkologiya sahəsində əldə olunan uğurları diqqətə çatdıraraq, onkoloji yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.