Məktəb yaşında, amma təhsildən uzaq - Sənədsiz uşaqların ACI TALEYİ

Yeni tədris ili başlayıb, minlərlə uşaq ilk və ya yenidən məktəbə qədəm qoyub. Lakin elə uşaqlar var ki, onların məktəb yaşı çatsa da, sənədləri olmadığı üçün təhsildən ayrı qalmağa məcbur qalıblar.

Xüsusilə, müxtəlif səbəblərdən sığınacaqlara yerləşdirilmiş uşaqlar bundan daha çox əziyyət çəkirlər.

Ölkə.az xəbər verir ki, məsələ barədə Bizim.Media-ya danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə deyib ki, bu problem tamamilə həllini tapmayıb:

“Bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iş aparır. İcra hakimiyyəti orqanları məhkəmələrə müraciətləri intensivləşdirib.

Bizim bu aralarda neçə uşağımız olub ki, onların sənədlərinin, xüsusilə də, şəxsiyyət vəsiqələrinin alınması istiqamətində iş aparılıb. Deyim ki, bu, tamamilə bitməyib. Bizə müraciətlər olur və biz onları istiqamətləndiririk. Bu yaxınlarda mənə 19 yaşında xanım müraciət eləmişdi ki, mənim hələ də heç doğum haqqında şəhadətnaməm yoxdur”.