Körpələri çimərliyə aparmaq doğrudurmu? – PEDİATR AÇIQLAYIB

Yay aylarında azyaşlılar, hətta çox kiçik yaşlı uşaqlar da çimərliklərə aparılır.

Bu doğrudurmu? Ümumiyyətlə, uşaqları hansı yaş dövründən sonra dənizə aparmaq olar?

Mərkəzi Gömrük Hospitalının şöbə rəisi, pediatr-neonatoloq-reanimatoloq, uzman həkim Telman Aytayevin sözlərinə görə, 6 ayı tamam olana, uşaq başını tam tutana qədər dənizə aparılmamalıdır. 6 aydan sonra aparılması daha yaxşı olar: “Dənizin təmiz olmasına diqqət etmək lazımdır. Natəmiz olan yerdən uşaqlara infeksiya keçə, bu isə onların səhhətində problemlərə yol aça bilər. Dəniz duzlu olduğuna görə, uşağı dəniz suyunda 20 dəqiqədən çox saxlamaq olmaz. Sudan çıxaran kimi uşağı təmiz su ilə yuyub qurulamaq gərəkdir. Dənizə gedən uşaqlara mütləq Günəş kremləri çəkmək lazımdır.

Bu həm uşaqları ultrabənövşəyi şüaların təsirindən qoruyur, həm də yanıqların yaranmasının qarşısını alır. Bunun istifadəsi mütləqdir. Uşaqlara mütləq keyfiyyətli Günəş kremləri çəkmək lazımdır”.

Bəs uşaqları çimərliyə hanı saatlarda aparmaq olar?

Pediatr deyib ki, 11-16 arasında Günəş şüaları çox təsirli olduğu üçün bu zamanda uşaqları çimərliyə aparmaq olmaz. Onun sözlərinə görə, azyaşlıları saat 11-ə qədər, ya da 17-18-dən sonra çimərliyə aparmaq daha doğru olar. Amma D vitamini sintezi saat 11-15 arasında getdiyi üçün uşaqları həmin müddətdə 10 dəqiqəlik də olsa, kölgəli yerdə saxlamaq məsləhətdir.

e-tibb.az