Körpələrə əmzik verək, verməyək? - MÜTƏXƏSSİS RƏYİ

e-tibb.az 

Anaların əksəriyyəti körpə dünyaya gələn kimi onu əmziyə öyrədir. Uşaq ağlayan kimi də əmziyi ağzına verir ki, təki ağlamasın. Fikir isə budur ki, həm özləri rahatlıq tapırlar, həm də “körpənin əsəbləri sakitləşir”. Bəzi analar isə uşağa əmzik verməyin əleyhinə çıxır, bunu onun ziyanlı olması ilə əlaqələndirirlər. Ümumiyyətlə, əmziklərin faydalı və ziyanlı olması barədə ziddiyyətli fikirlər həmişə səslənir. Bəs, mütəxəssislər nə düşünürlər? Bu fikirlərdən hansı doğrudur? Uşağa əmzik vermək olar, ya yox?

“Əmziklərin faydaları və ziyanları ilə bağlı pediatrlar arasında da indiyə kimi vahid fikir yoxdu. Amma şəxsən mən əmziyin qəti əleyhinəyəm”. Bunu e-tibb.az saytına pediatr Vaqif Qarayev deyib. Həkimin sözlərinə görə, əmzik birbaşa infeksiya mənbəyidir: “Hələ uşaq doğulmamışdan ana əmzik alıb saxlayır ki, körpə evə gələn kimi versin. Bu, düzgün deyil. Əvvəla onu deyim ki, təzə doğulan uşaqlarda əmmə refleksi olur. Körpə dünyaya gələndən sonra tanıdığı yeganə nəsnə anasının döşüdür. Məhz əmmə refleksi hesabına uşaq ana döşünü əmir. Vaxt keçdikcə uşaqda əmmə refleksi həddindən artıq güclənir. Tutaq ki, döş əmdi, doydu, amma yenə də əmmək istəyir, başıyla, dodaqlarıya nəsə axtarır. Bu, hardasa uşağın 4-5 ayına kimi davam edir. Ondan sonra sönür. Amma bu hal uşaqların hamısında olmur. Həmin o axtarış zamanı uşaqlar narahatlıq keçirirlər. Bir çox ana əmziyi uşağa məhz öz rahatlığı üçün verir. Bu, qətiyyən yolverilməzdir. Ananın öz rahatlığı üçün yox, uşağın əmmə istəyini ödəmək üçün əmzik vermək olar. Onu da 4-5 ayından sonra tərgitmək mütləqdir”.

V. Qarayev bildirib ki, əmzik uşağın çənə əzələlərini yorduğu üçün körpə ana südünü doyunca əmə bilmir: “Döş əmib qurtarandan sonra uşağa əmzik verirlər, bir müddət sonra çənə əzələləri yorulur. Artıq körpə acıb, ana ona döşünü verəndə çənə əzələsi yorğun olduğu üçün normal əmə bilmir. Bir də görürsən ana deyir, bir dəfə yaxşı əmdi, ikinci dəfə tənbəl, həvəssiz əmirdi. Buna səbəb əmzikdir. Bu mənada əmzikdən imtina etmək lazımdır. Əmziyin başqa ziyanı dişlərin və nitqin inkişafına mane olmasıdır. Xüsusən dişi çıxandan sonra əmzik uşağa mane olur. Diş düzgün çıxmır. Bu mənada stomatoloqlar da onun əleyhinədir. Əmzik saatlarla uşağın ağzında olanda doğmalarla ünsiyyət olmadığı üçün nitq inkişafında ləngimələr olur. Son vaxtlar uşaqların çoxunda nitqin ləngiməsinin bir səbəbi də budur”.

Pediatr qeyd edir ki, südəmər dövrdə əmziyə hardasa göz yummaq olar, amma 2-3 yaşında uşağa əmzik vermək qətiyyən yolverilməzdir: “Baxırsan böyük uşaqdır, ağzında əmzik… Anaların da bir bəhanəsi var – tərgidə bilmirəm. Tərgitmək mümkündür, heç nə mümkünsüz deyil. Amma bunu niyə o vaxtdan verib öyrədirdin ki, indi də tərgidə bilməsin?! Ən pisi də bilirsiniz nədir? Şəxsi təcrübəmdən deyirəm. Həkimin qəbuluna gəlirlər. Uşağın əmziyi ağzından yerə düşür. Ana əmziyi yerdən götürüb, salır öz ağzına, “sterilizasiya” edir, sonra salır uşağın ağzına. Hətta bunu nənələr, babalar da edir. Bu, nə gigiyenik, nə də estetik baxımdan düzgündür. Bəzən ananın xəbəri olmur, əmzik düşür yerə, uşaq özü götürüb təzədən salır ağzına. Bu, birbaşa infeksiya mənbəyidir. Qətiyyən yolverilməzdir. Yaxud dişi olan uşaq əmziyi əməndə dişləyir, parçalayır və irili-xırdalı parçalarını uda bilir. O parça tənəffüs yoluna düşə bilər ki, bu da çox təhlükəli haldır. Onu da deyim ki, əmziklərin hazırlandığı materialların da böyük əhəmiyyəti var. Çünki uşaqlarda allergiya yarada bilir. Hətta döş əmən uşaqda səbəbi bilinməyən allergiya görürük. Normal yeyir, içir, yatır, qida baxımından heç bir allergen təsir tapa bilmirik. Deməli,allergiya əmzikdəndi. Təkrar edirəm, təbabətin bu günə gəldiyi nəticə odur ki, əmziyi ananın rahatlığı üçün yox, uşağın əmmə refleksini söndürmək üçün ilk 4-5 ayda istifadə etmək olar. Ancaq sonradan ondan qətiyyən istifadə etmək olmaz”.

Üz-çənə cərrahı Rəşad Məmmədzadə də əmzik və ya barmaq əmməyin uşaqların  zərərli vərdişlərinə daxil olduğunu deyib: “Bəzən uşağı sakitləşdirmək üçün əmzik vermək faydalı olur. Amma vaxtında tərgidilməsi şərtilə. Dişlər çıxandan sonra uşaq yenə əmzikdən istifadə edir, barmağını sorursa, bu, diş sırası anomaliyasına gətirib çıxarır. Açıq dişləmə formalaşır, yəni ön dişlər bir-biri ilə görüşmür, aralı qalır. Yaxud çənənin önə getməsi qüsurunun yaranmasının səbəbindən biri də budur. İki yaşdan yuxarı uşaqların əmzikdən istifadəsi qətiyyən olmaz. Valideynlər gərək diqqətli olsun. Bəzən tərgitmək çətin olur, amma mümkündür. Uşağı bir həftə əmzikdən uzaq saxlasalar, onu unudacaq”.

e-tibb.az