Körpələrdə qaz sancısı. İnfantil kolik (köp) nədir?
İlk əvvəl yadda saxlamaq lazımdır ki, kolik (köp) bir xəstəlik növü deyildir. Kolik (köp) körpələrdə aclıq və ağrı ilə bağlı olmayan və səbəbi bilinməyən ağlama ataklarıdır. Sağlam uşaqlarda valideynləri çox narahat edən qaz sancıları əsasən körpənin 2-3 həftəsi ilə 4 ay arasında müşahidə edilir. Hətta bu sancılar bəzi hallarda körpənin 6 ayına qədər uzana da bilir. Həftədə 3 gündən çox, gündə isə 3 saata qədər uzanan ağlama atakları kimi müşahidə olunur. Kolik (köp) sancıları körpələr arasında çox geniş yayılaraq hər 4 körpədən 1-də müşahidə edilir.
Ağlama atakları 1-2 saat müddətinə, bəzən isə daha çox çəkə bilər. Əsas məqam isə bu ataklar xaricində körpənin əhval-ruhiyyəsinin yaxşı olmasıdır. Qeyd edək ki, köpü olan bir körpə də fiziki və psixi inkişaf yaşına uyğun olaraq inkişaf edir.
Qaz sancısı olan bir körpə ağlama dövründə bütün qüvvəsini sərf edəcək kimi, durmadan və təsəlli ediləmədən ağlayır. Bildiririk ki, 9-cu ayda doğulan körpənin həzm sistemi tam formalaşmamışdır. Hətta bəzi nəzəriyyələr vardır ki, qaz sancısı az çəki ilə doğulan və yarımçıq doğulmuş uşaqlarda daha çox müşahidə oluna bilir və həmin körpələrdə qaz sancıları dövrü daha gec başlayır.
Körpələrin çox tez-tez və nizamsız qidalandırılması, əlavə suyun verilməsi, əmziklərin mürəbbəyə, bəhməzə və ya şirin qidalara batırılması, vaxtından əvvəl əlavə qidalara başlanması, meyvə və meyvə şirələrin çox verilməsi qaz sancılarını artırır.
Hərəkətli körpələrin daha az qaz sancısı müşahidə edilir. Körpənizin bələnməsi və ya bağlanaraq hərəkətinin məhdudlaşdırılması, uzun müddət altının dəyişdirilməməsi və bu səbəbdən yaş qalması, uzun müddət ağzı açıq qalmış siropların və yeməklərin verilməsi (mikroblar toplana bilir) qaz sancılarını artırır.
Köpü olan bir körpədə əsas diqqət çəkən əlamətlər hansılardır?
- Ayaqlarını uzadır ya da özünə doğru çəkir. Əslində, körpə bu hərəkətləri qazı çıxartmaq üçün edir.
- Ağlayır və narahat olduğu hiss olunur. Bu ağrılar günün hər hansı bir saatı körpəni narahat edə bilər. Daha çox axşam saatları ilə gecə vaxtı arası daha çox müşahidə olunur. Atak dövründə körpə ətrafa qarşı reaksiyasız olur və valideynlər onu sakitləşdirməkdə çətinlik çəkirlər.
- Qaz sancısı dövründə körpənin bədəni gərginləşir, üzü qızarır, özünü arxaya doğru atır, hətta bu zaman əl və ayaqları yüngül göyərə də bilər. Bu vəziyyət qaz ya da nəcis çıxdıqdan sonra keçir və körpə sakitləşir. Bir neçə dəqiqə ağlamanın dayandığı dövrlər xaric, təxmini olaraq 2-3 saat müddətə qədər davam edən kolik sancılar olur.
- Köpü olan bir körpə əsasən çox həssas olur və tez-tez yuxudan oyanır. Bəzən valideynlər bu vəziyyətdən özlərini günahkar hiss edə bilərlər. Lakin, bu problem sağlam uşaqlarda çox tez-tez rastlanır. Ataklar arasında uşaq sakit və rahatdır. Bu narahatlıq və ağlama atakları körpənin qidalanmasına və yuxu rejiminə təsir edir.
Xüsusən maşınla gəzdiyi zaman körpə rahatlaşır və sakitləşir. Həmçinin, bu vaxt kəskin və aramsız ağlamalar şikayətləri ilə təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya gətirilən körpələrin sakitləşməsi və yuxuya getməsi müşahidə olunur. Bu zaman tipik olaraq valideynlər “gələrkən maşında sakitləşdi” ifadəsini bildirirlər.
Körpələrdə kolikin (köpün) əsas səbəbləri və “həlli yolları” hansılardır?
- Körpənizin mərkəzi sinir sistemi hələ tam formalaşmamışdır. Onlar ətrafdakı qıcıqlara qarşı hələ tam hazır deyildirlər. Bu vəziyyətlərdə körpələr 3-cü həftələrinin sonundan etibarən ətrafda olan qıcıqlara qarşı daha çox reaksiya verməyə başlayırlar. Reaksiyalar əsas olaraq güclü ağlamaqla müşahidə edilir. Bu vaxt körpənizi qucağınıza alın. İlk 4 ayda körpəniz “qucağa öyrəşər” deyə narahat olmayın. Ağlayarkən övladınızı qucağa alaraq sakitləşdirin. Təmiz hava və ritmik hərəkətlər körpənizin sakitləşməsinə və yatmasına səbəb olacaqdır.
- Körpənizin mədə-bağırsaq sistemi hələ tam formalaşmamışdır. Xüsusən qida qəbulundan sonra qazının və ağrısının olub-olmadığına diqqət yetirin. Əgər körpənin köpü vardırsa köpün çıxarılmasına ehtiyac vardır. Körpə ana südü və yaxud süni qida qəbul edirsə, bu zaman fasilələr verilməli və körpənin qazı çıxarılmalıdır. Körpəniz süni qida qəbul edirsə, onun bu zaman hava udmadığından əmin olun və “butulka”nın əmzik hissəsinin körpəyə uyğun olduğuna diqqət yetirin. Butulkanın əmziyi əgər butulkaya uyğun deyildirsə, körpəniz qidanı sürətli qəbul edəcək və nəticədə körpənin hava udmasına səbəb olacaqdır. Bəzən hava udmanın qarşısını alan xüsusi əmziklərdən də istifadə oluna bilinər. Yeməkdən sonra körpənizin səssiz və hərəkətsiz qalmasına çalışın və bu zaman onu çox oynatmayın.
- Körpənizin ana südündəki bəzi maddələrə qarşı reaksiyası ola bilər. Körpəniz ana südü ilə qidalanırsa, ana qidasına diqqət edərək pəhrizini gözləməlidir. Ana südü ilə qidalanan körpələrdə qaz sancıları daha az olduğu düşünülsə də, ananın özünün qidasından aslı olaraq köp problemi dəyişə bilər. Bu zaman körpə ana südü ilə qidalanırsa bu proses qətiyyən dayandırlmamalıdır. Əsasən ana ədviyyatlı yeməklərdən, buğda kimi taxıllardan, paxlalı bitkilərdən, brokoli, kələm, soğan, sarımsaq, çiyələk, qəhvə və sair məhsullardan uzaq durulmalı və bu növ qidalar anaların qida rasionundan çıxarılmalıdır. Əgər körpə ana südü ilə qidalanırsa onun bir döşü tam əmməsi təmin edilməlidir. Çünki, ilk əmilən süddə laktozun miqdarının daha çox olduğu, bunun da körpələrdə daha çox qaz sancıları yaratdığı nəzərə alınmalıdır. Daha sonra əmilən süddə nisbətən yağlı hissə üstünlük təşkil edir ki, bu da həzmi daha da rahatlaşdırır. Əmizdirmə zaman körpənizin bir qədər dik tutulması və yatıraraq əmizdirilməməsi tövsiyyə olunur.
Analarda döş ucunda olan çatlar və yaralar üçün heyvan məhsularından hazırlanmış krem və məlhəmlərdən istifadə olunmamalıdır. Çünki, heyvanı məhsullardan hazırlanmış krem və məlhəmlər də qaz sancılarını artırır. Buna görə də, bitki mənşəli krem və məlhəmlərə üstünlük verilməlidir.
Körpələrdə kolik (köp) nə qədər davam edə bilər?
Əsasən 2-4 həftə arasında başlayır. Körpənin ağlamaları 6-8 həftə arasında şiddətlənir. Ağlamalar körpələrinizin 2 və ya 3 ayında azalmaya başlayır. Bu hal körpələrin əksəriyyətində 4 aylarında tam olaraq keçir.
Ən çox müşahidə olunan səbəblər
Gastrointestinal səbəblər
- Bu körpələrdə, perilstaltikada artış, motilite anormallıqları və nizamlı olmayan qidalanma;
- Karbohidrat malabsorbsiyası (Laktoz intoleransı);
- Protein intoleransı;
- Anormal intestinal motilite (Laktoz intoleransı) ;
- Butulka ilə qidalanma və ya çox ağlamaq hesabına hava udulması;
- Qastroezofagial refluks;
Psixososial səbəblər
- Ana-körpə münasibətlərinin tam formalaşmaması;
- Anada olan psixososial problem;
- Ananın övladına qarşı nəvazişin az olması;
- Ananın körpəsinə az vaxt ayırması;
- Ananın təcrübəsiz olmağı;
Körpələrdə kolikin (köpün) müalicəsi zamanı bu günədək çoxlu farmokolojik preparatlar istifadə olunsa da, onların tam olaraq faydası görülməmişdir. Köp problemlərində, bitki çaylarının (raziyana, çobanyastığı, zəncəfil, darçın, nanə və s.) və bitki mənşəli köpə qarşı istifadə olunan siropların tam kifayət qədər təsir etmədiyi və yan təsirlərin olmasına görə valideynlərə istifadə üçün məsləhət görülmür. Bundan başqa qarnı isti parça ilə sarımaq və masajın edilməsi kimi hallar da köpü olan körpələrdə istifadə olunur:
Masaj – qarında edilən 15 dəqiqəlik masajın qaz və nəcisin çıxarılmasına kömək olduğu bilinir və bu kimi hallardan sonra körpələrdə ağrıların azalması müşahidə edilmişdir.
Ən çox istifadə olunan üsul körpəyə velosiped sürmə hərəkətləri kimi ayaqlarını hərəkət etdirməkdir. Bu, həm onun daha rahat köpünü çıxarmağa köməklik edəcəkdir həm də yaxşı əyləncə vasitəsi olacaqdır.
Bəzən hətta saç qurutmaq üçün istifadə olunan cihazların və tozsoranların körpəni sakitləşdirdiyinə bağlı məlumatlar vardır. Bu səslər 75-85 desibel şiddətli səslərdir. Bu da ana bətnində olan səslərə oxşadığına görə körpələri sakitləşdirdiyi haqda məlumatlar vardır.
Xülasə, körpələrdə kolik (köp) müvəqqəti bir haldır və valideynlər buna görə hər hansı təlaş, narahatçılıq keçirməməlidirlər.
Dr. Nərmin Əzizova
Phd Uzm. Dr. Əli Quliyev