Körpələrdə göz yaşı kanalının tutulması barədə. Həkim Nərmin Əzizova

Körpələrdə göz yaşı kanalının tutulması hər 20 uşaqdan birində rast gəlinir. Bunun əsas baş vermə səbəbi körpələrin bətndaxili inkişaf dövründə göz yaşı kanalın inkişafını tam qurtarmamış olmasıdır. Bətndaxili dövrdə göz yaşı kisəsinin buruna açıldığı hissəsində zarın deşilməsi lazımdır. Bir qayda olaraq yenidoğulan körpələrin çoxunda bu zar ilk 2 ayda açılır və göz yaşı kanal tutulması problemi aradan qaldırılır.
Göz yaşı kanalının tutulmasının əlamətləri
Gözün yaşarması;
İrinləmə (çapaklama);
Qızarıqlıq;
Burnun göz qapaqlarına doğru olan hissəsində göz qapaqlarında şişkinlik;
Ağrı.
Ailələr körpələrdə gözlərin sulanması və göz yaşının yığılmasından narahat olurlar. Körpələrdə bu əlamətlərdən birini belə müşahidə etdikdə həkimə müraciət etmək lazımdır. Çünki, anadangəlmə göz xəstəliklərinin bəzilərində (məsələn, göz təzyiqi) gözlərdə həddindən artıq sulanma müşahidə edilə bilər. Ona görə də körpələrdə gözlərdə sulanma müşahidə edən kimi bunu göz yaşı kanalının tutulması düşünmək olmaz.
Göz yaşı kanalının tutulmasında müalicə
Göz yaşı kanalının tutulması bəzi hallarda öz-özünə keçsə də, bəzən müalicəyə ehtiyac olur. Hər halda uşağının sağlamlığı ilə risk etməməli və dərhal həkimə müraciət edilməlidir.
İlk mərhələdə göz yaşı kisəsinə doğru masaj edilməlidir. Masaj burun kökündən, aşağıya doğru istiqamətlənməlidir. Bu masaj hərəkəti gündə 3-4 dəfə təkrarlana bilinər. Bu masaja əsasən göz yaşı kanalın açılma ehtimalı yüksəkdir.
Lakin, unutmaq olmaz ki, masajı əsas olaraq düzgün etməyə diqqət etməliyik. Səhv masaj etmək problemin daha da ağırlaşamasına səbəb ola bilər. Ona görə də diqqətli olmalıyıq. Həmçinin masajdan əvvəl əllər yuyulmalı və ciddi gigiyenik qaydalara riayət olunmalıdır.
Gözlərdə irinləmə (çapaklanma) olursa həkimlə məsləhətləşib ehtiyac halında göz damlalarından da istifadə edilə bilinər.
4 və ya 6 aylıq olduqda hələ də göz yaşı kanalı tutulması davam edirsə onda “zondlama” adı verilən müalicədən istifadə edilir.
Hər bir halda xəstənin müayinə və müaliəcəsi ixtisaslaşmış həkim tərəfindən aparılmalıdır. Effektiv müalicə üçün düzgün diaqnoz vacibdir, çünki bu, simptomların əsas səbəbinin dəqiq müəyyən edilməsini təmin edir, məqsədyönlü və müvafiq müdaxilələrə səbəb olur. Dəqiq diaqnoz olmadan, müalicələr təsirsiz və ya hətta zərərli ola bilər, vəziyyəti daha da ağırlaşdırar və sağalmanı gecikdirə bilər.
Beləliklə də, körpələrdə göz yaşı kanalının tutulması, kanalların qismən və ya tam tıxanması ilə göz yaşlarının düzgün axmasına mane olan ümumi bir vəziyyətdir. Bu, adətən həddindən artıq göz yaşı, selikli axıntı və bəzən göz qızartı və ya şişkinlik kimi özünü göstərir.
Bir çox hallarda körpənin bir yaşına qədər öz-özünə keçir, lakin incə masaj və gözün təmizlənməsi prosesi daha da sürətləndirə bilər. Nadir hallarda, tıxanma davam edərsə və ya əhəmiyyətli problemlərə səbəb olarsa, kanalın açılması üçün kiçik cərrahi prosedur kimi tibbi müdaxilə tələb oluna bilər.
Nəticə olaraq bildiririk ki, körpələrdə göz yaşı kanalının tutulmasına körpələrdə çox rast gəlinir Valideynlər simptomları diqqətlə izləməli və həkimlə məsləhətləşməlidirlər.
Nərmin Əzizova, Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkimi və dissertantı,
Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrasının əməkdaşı