Koronavirusun episentri olan Xubey vilayətinə əlavə 2287 tibb işçisi ezam olunub

Pekin, 29 yanvar, AZƏRTAC

Çində koronavirusun yeni ştammının səbəb olduğu sətəlcəmlə mübarizə məqsədilə virusun episentri olan Xubey vilayətinə ölkənin digər bölgələrindən əlavə 2287 tibb işçisi ezam olunub.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komissiyasına istinadla xəbər verir ki, Şanxay şəhərindən, Quandun və Qansu vilayətlərindən, Sincan Uyğur Muxtar rayonundan 21 tibb qrupu Xubeyə göndərilib.

Hazırda ölkənin 26 şəhər, vilayət və muxtar bölgəsindəki tibb müəssisələrindən, habelə 3 hərbi hospitaldan olan 6097 tibb işçisi Xubeydə koronavirusla mübarizə tədbirlərinə cəlb olunub. Onların əsas hissəsi vilayətin inzibati mərkəzi olan Uxan şəhərində, təxminən 1500 nəfəri isə vilayətin digər şəhərlərindəki xəstəxanalara cəlb olunublar.

Qeyd edək ki, Çində koronavirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 6 min 41, bu virus səbəbindən ölənlərin sayı isə 132 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı isə 9 min 239 nəfərə çatıb. İndiyədək 110 nəfər sağalaraq xəstəxananı tərk edib. Virusa ən çox yoluxma və ölüm halları Xubey vilayətində qeydə alınıb – 3554 yoluxma və 125 ölüm.

Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka və Kambocada ümumilikdə 64 nəfərin virusa yoluxması təsdiqlənib. Həmin xəstələrin əsas hissəsi ya Xubey sakinləri, ya da bu yaxınlarda Xubeydə səfərdə olanlardır.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin