“Kistoz Fibrozda Genetik Problemlər” mövzusunda seminar keçirilib (FOTO)

Bakı. Trend:

28 sentyabr 2018-ci il tarixində Hilton Otelində “Sağlam Ailə” Tibb Mərkəzi, Gürcüstanın Genetik və Nadir Xəstəliklər Birliyi, Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Kistoz Fibrozda Genetik Problemlər” mövzusunda seminar keçirilib.

Kistoz fibroz mukovisidozun transmembran requlyasiyaedici geninin (CFTR) mutasiyası nəticəsində baş verən, xarici sekresiya vəzilərinin zədələnməsi, tənəffüs və həzm sistemi orqanlarının funksiyalarının ciddi pozulmaları ilə irsi sistem xəstəliyi kimi xarakterizə olunur. Xəstəliyin əsas səbəbi 7-ci xromosomda yerləşmiş gen mutasiyasıdır. Əhalinin hər 20 nəfərindən birində bu gen mutasiyası var və bu şəxslər xəstəliyin daşıyıcısı hesab olunur. Hər iki valideyindən mutasiyalı genin ötürülməsi nəticəsində xəstə uşaq dünyaya gəlir.

Tədbirin açılış nitqi Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının həkimi, professor Surxay Musayev tərəfindən edilib. S. Musayev nitqində nadir xəstəliklər və Kistoz Fibroz mövzunun aktuallığına diqqət çəkib. Daha sonra Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin təsisçisi, Türkiyə və Avropa Uşaq Endokrin Cəmiyyətinin üzvü uzman doktor Azad Əkbərzadə öz çıxışında KİFYİB-in fəaliyyətindən və bu tip seminarların önəmindən bəhs edib.

Biologiya və Tibbi Genetika İnstitutunun sədri və Çarles Universitetinin Milli Kistoz Fibroz Mərkəzinin rəhbəri professor Milan Macek “Şərqi Avropa, Orta Şərq və Mərkəzi Asiyada CFTR genotiplənməsi” və “ECFS ( Avropa Kistoz Fibroz Cəmiyyəti) reyestrlərinin icmalı” mövzularını əhatə edən çıxışı ilə seminar iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra DNA-Diaqnostika Laboratoriyasının rəhbəri və Tibbi Genetika üçün Milli Tədqiqat Mərkəzinin üzvü professor Aleksander Polyakov öz çıxışında “Rusiyada Kistoz Fibrozun DNT diaqnostikasında 20 illik təcrübə tez-tez rast gəlinən mutasiyalar”mövzusuna diqqət çəkib.

Seminarda çıxış edən Gürcüstan Genetik və Nadir Xəstəliklər Birliyinin rəhbəri professor Oleg Kvilividze seminarın keçirilməsini yüksək dəyərləndirərək “Gürcüstanda Kistoz Fibrozun hazırki vəziyyəti haqqında məlumat verib.

“Sağlam Ailə” Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov rəhbərlik etdiyi müəssisənin tibbi xidmətlər göstərməklə yanaşı, eyni zamanda mütəmadi olaraq maarifləndirmə istiqamətində görülən işlərindən bəhs edib.

Tədbirin sonunda iştirakçılara spikerlərin imzası ilə sertifikat təqdim edilib.