İnfeksiyalardan qoruyan, xərçənglə mübarizə aparan göyərti: Keşnişin çoxsaylı FAYDALARI
Salatların, yeməklərin, şorbaların bir çoxunu keşnişsiz təsəvvür etmək çətindir. Mətbəxlərdə əksər hallarda ən sevimli göyərtilərdən olan keşnişə müraciət olunur. Keşniş bir çox faydalı xüsusiyyətlərinə görə fərqlənir. Viruslara qarşı mübarizədə də onun xüsusi yeri var. e-tibb.az AZƏRTAC-a istinadən keşnişin faydalı xüsusiyyətləri haqqında məqaləni təqdim edir:
Mütəxəssislər pandemiya dövründə keşnişdən istifadə etməyi məsləhət görürlər. Bu sadə bitki orqanizmə infeksiyalarla mübarizə aparmağa kömək etməklə yanaşı, xərçəng şişləri də daxil olmaqla onu bir çox təhlükəli xəstəliklərin inkişafından qoruyur.
Keşniş qida maddələri ilə, o cümlədən C və K vitaminləri, zülal və kalsium, fosfor, kalium, dəmir, maqnezium maddələri ilə zəngindir. Həkimlər bu bitkidən istifadənin müalicəedici effekti barədə fikirlərini bölüşüb.
Keşniş infeksiyalara qarşı mübarizə aparır. Tədqiqatlara görə, koriandr göbələk və mikrob əleyhinə güclü xüsusiyyətlərə malikdir. Koriandr efir yağı Candida növündən olan göbələklərin inkişafına qarşı effektiv təsirə malikdir. Belə ki, koriandrın patogenlərin hüceyrə divarını məhv etdiyi və onların çoxalmasının qarşısını aldığı müəyyənləşdirilib.
Keşniş diabet xəstəliyinə kömək edir. Diabetik heyvanlar üzərində aparılan təcrübələrdə koriandr saplağından və yarpağından alınan cövhərin qanda şəkərin səviyyəsini aşağı salması məlum olub. Alimlər bu təsiri bitkinin antioksidant xüsusiyyətləri ilə əlaqələndirirlər.
Keşniş həmçinin xolesterinin səviyyəsini aşağı salır. Tədqiqatçılar keşniş cövhərinin ümumi xolesterinin, LDL xolesterinin və qanda trigliseridlərin səviyyəsini azaltmaq xüsusiyyətinə malik olduğunu bildirirlər.
Orqanizmi iltihabdan, xərçəngdən qoruyan keşniş, həmçinin antioksidant maddələrin güclü mənbəyi sayılır. Bu sadə bitki, toplam halında orqanizmdə güclü fəsadlar yaradan sərbəst radikalları aradan qaldıra bilir. Belə ki, keşniş sərbəst radikallara təsir göstərə bildiyinə görə, iltihab və şiş proseslərinin inkişafına səbəb olan hüceyrə zərərlərinin qarşısını ala bilir. Koriandr kökündən alınan cövhərin orqanizmdəki xərçəng hüceyrələrinin miqrasiyasına mane olması və hətta onları məhv edə bilməsi barədə məlumatlar var.
Keşnişin daha bir faydalı cəhəti, onun yaddaşı və zehni qabiliyyəti gücləndirməsidir. 2011-ci ildə aparılan araşdırmadan məlum olub ki, qidasına keşniş yarpaqları qatılan siçanların yaddaşı 45 gün ərzində bərpa olunur. Bu təsir, beynin iltihabını azaltmağa, yaddaşı yaxşılaşdırmağa, narahatlıq və stress əlamətlərini azaltmağa kömək edən antioksidantların mövcud olması ilə izah edilir.