İnfeksionist: İmmunitet problemi və allergiyası olanların yoluxma riski daha yüksəkdir
Bakı, 24 yanvar, AZƏRTAC
Respirator xəstəliklər yuxarı tənəffüs yollarında yarana bilən infeksion proseslərə və iltihablanmalara səbəb olur və onun fonunda hərarətin yüksəlməsi, boğaz ağrıları, burun axma və infeksion proseslərə səbəb olan digər ağırlaşmalar yaranır. Bu sahədə influenza virusu daha çox üstünlük təşkil edir. Yoluxanlar arasında virusun A və B növünə daha çox rast gəlinir.
AZƏRTAC xəbər verir ki, Bakıdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının uşaq poliklinikasının həkim-infeksionisti Aytən Ziyadova deyib: “Xəstəlik qış aylarında havaların soyuq keçməsi, havada çirklənmənin artması, əhalinin sıx və darısqal mühitlərdə yaşaması baş verir. Viruslar soyuq hava şəraitində sürətlə yayılır və cansız səthlərdə 48-72 saata qədər yaşayır. Asqırma, öskürək və hətta nəfəs aldıqda damcı şəklində olan virus hissəcikləri havadan asılır. Hər bir virusun hissəcik ölçüsü fərqlidir. Kiçik hissəcikləri olan viruslar aşağı tənəffüs yollarına daha asan çatır. Qış mövsümündə uşaqlar arasında soyuqdəymə, boğaz infeksiyaları, sinüzit və laringit kimi yuxarı tənəffüs yollarının infeksiyaları ilə yanaşı, bronxit, pnevmoniya kimi aşağı tənəffüs yollarının infeksiyaları da artır”.
Həkim-infeksionist azyaşlılar arasında virusun yayılması barədə narahatlığını ifa edərək bildirib ki, beş yaşlı uşaqda qış aylarında yuxarı tənəffüs yolları infeksiyası ola bildiyi halda, yeni doğulmuş körpə bronxit və ya pnevmoniya kimi xəstəliyə tutula bilər: “Yenidoğulmuşların immun sistemi inkişaf etmədiyi üçün onları daha diqqətlə qorumaq lazımdır. Aşağı və yuxarı tənəffüs yolları xəstəliklərində immun problemi və allergiyası olanlar bir qədər yüksək risk altındadırlar. Allergiyası olan uşaqlarda tənəffüs yolları daralır və bloklanır, bakterial və virus kolonizasiyası çox asanlıqla baş verə bilər. Ona görə də yoluxma zamanı lazımsız dərman istifadəsindən çəkinmək, xüsusilə ehtiyac olmadığı halda antibiotikdən istifadə etməmək lazımdır. Hər hansı bir klinik əlamət müşahidə ediləndə ev şəraitində olmaq, istirahət etmək, çoxlu maye qəbul etmək məsləhətdir. Ona görə də qapalı məkanlardan uzaq durmaq, yuxu və qida rejiminə diqqət etmək tövsiyə olunur”.