Hormon terapiyasından uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur

Bakı, 18 fevral, AZƏRTAC

Respublika Endokrinoloji Mərkəzində somatotrop hormonu çatışmazlığı diaqnozu qoyulan 480-ə yaxın uşaq ödənişsiz müalicə olunur və boy hormonu preparatı ilə təmin edilir.

AZƏRTAC xəbər verir ki, bunu Respublika Endokrinoloji Mərkəzinin baş həkimi Babək Salek Qənnadi deyib.

Respublikada boy hormonu problemindən əziyyət çəkən uşaqların sayının kifayət qədər olduğunu deyən baş həkim həmin uşaqların 18 yaşa çatanda boyunun 1.20, 1.30 santimetr olduğunu və ondan çox artmadıqlarını bildirib: “Müalicə mövcud olsa da, problemin maddi tərəfdən həllini tapa bilmirdik. Hökumət, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Səhiyyə Nazirliyi tərəfindən dəstək oldu və həmin uşaqlara yardım edə bildik. Çünki dərman çox baha idi, ailələr onu ala bilmirdilər. Biraylıq müalicə 600-800 manata başa gəlirdi. Hazırda respublikada 480-ə yaxın uşaq təmənnasız olaraq boy hormonunu alır. Biz ümidvarıq ki, onlar normal böyüyəcək və cəmiyyətə qoşulacaqlar.

Somatotrop hormon çatışmazlığı diaqnozu laborator müayinə əsasında pediatr-endokrinoloq tərəfindən qoyulur. Dərmanlar böyümə zonalarının bağlanmasına yəni, sümük yaşına əsasən qızlarda 14, oğlanlarda isə 16 yaşına qədər ödənişsiz verilir. Görülən işlərin nəticəsi olaraq boy hormonu çatışmazlığından əziyyət çəkən uşaqlarda boy artımı baş verir. Hazırda dərmanlar biraylıq verilir. Çalışacağıq ki, gələcəkdə ətraf rayonlarda yaşayanlara iki-üç aylıq dərman təminatı aparaq”.

Babək Salek Qənnadinin sözlərinə görə hər bir qısaboylu uşağa hormon terapiyası istifadə olunmur və həmin müalicə üsuluna başlamazdan əvvəl uşaqda böyümə geriliyinin səbəbi müəyyən olunmalıdır: “Böyüməyə təsir edən amildən birincisi genetik faktorlardır. Hər bir uşağın boyu hər iki valideynindən alınan gen qrupu ilə təmin edilir. İkinci amil qidalanmadır. Əgər qidalanma pozulması varsa, ilk növbədə bu, aradan qaldırılır. Hormon çatışmazlığı varsa, çatışmayan hormon ilə müalicə problemi həll edilir. Hormon terapiyasında tətbiq edilən müalicənin ciddi yan təsirlərinin ola biləcəyi bəzi insanları narahat edir. Ancaq hormon terapiyasından yalnız müəyyən analizlərdən sonra uşaqda hormon çatışmazlığı aşkar edildikdə istifadə olunur. Əks halda, hər bir qısaboylu uşağın hormon terapiyasından faydalanacağına dair bir qayda yoxdur. Böyümə geriliyində istifadə edilən böyümə hormonu sümüklərin qığırdaqlarına təsir edən bir hormon olduğundan fərqli yan təsirlər göstərmir.

Ölkəmizdə 18 yaşdan yuxarı olan uşaqlar boy hormonu preparatı ilə təmin olunmurlar. 16 yaş üçün də müəyyən məhdudiyyət var. Çünki orqanizmdə sümükləşmə gedir və dərmanın heç bir xeyri olmur. Hipofiz vəzinin çatışmazlığı diaqnozu 2 yaşdan sonra qoyulur. Çünki 2 yaşadək balacalar normal böyüyürlər. İki yaşdan sonra illik artım olmalıdır. İllik artım 7 santimetrdən az olanda yoxlanışdan keçir, dəqiq diaqnoz qoyulandan sonra onlara boy hormonu preparatı verilir”.