Həşərat sancması zamanı tez və düzgün ilkin yardım göstərilməlidir
Bakı, 6 iyun, AZƏRTAC
Qızmar günlərdə sürünənlər və həşəratlar daha da fəallaşmağa başlayırlar. Xüsusilə bölgələrdə və həyətyanı sahələrdə sıx görünən sürünənlərin hücumundan qorunmaq elə də asan deyil. Bu il Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə ilan sancması ilə əlaqədar aprel ayında 6, may ayında 12 müraciət daxil olub.
Həmin hallarla qarşılaşanlar təşvişə düşür və çox vaxt zərərçəkənə yanlış müdaxilə edirlər. İlan sancması zamanı dəri şişir, qızarır və tədricən göyərməyə başlayır. Bu zaman zərərçəkəndə başgicəllənmə, ürəkbulanma, nəfəs darlığı kimi əlamətlər müşahidə olunur, bir çox hallarda ürək döyünməsi sürətlənir. Zəhər mərkəzi sinir və qan-damar sisteminə təsir edir. İlan zəhəri bədənə limfa yolu ilə yayılır.
AZƏRTAC xəbər verir ki, Bakı şəhər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov deyib: “İlan sancması zamanı yuxarı və ya aşağı ətrafları hərəkətsiz vəziyyətə gətirmək lazımdır, çünki hərəkət edərkən ilan zəhəri daha tez sorulur və limfatik yollarla orqanizmə yayılır. Zədə nahiyəsinə yod məhlulu sürtmək məsləhətdir. Üz, boyun, boğaz və baş nahiyəsi daha təhlükəli zona hesab olunur. İlan sancan nahiyəni çərtmək, sormaq, qatıq və ya sarımsaq sürtməyin heç bir əhəmiyyəti yoxdur”.
May ayında 4 nəfər əqrəb sancması, 3 nəfər qara qurd sancması ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Yanlış müdaxilə yaralanmış nahiyənin gec sağalmasına və hətta şikəst qalmasına səbəb ola bilər. Həmçinin həşərat, xüsusilə arı sancması zamanı diqqətli olmaq lazımdır. Həkim məsləhəti olmadan müxtəlif dərman və vasitələrdən istifadə zərərçəkənin vəziyyətini daha da ağırlaşdıra bilər. “Dozanın düzgün seçilməməsi əks nəticə verir. Marqanes tozu və kimyəvi maddələr dəridə yanıqlara səbəb olur. Əqrəb və qara qurd sancması da çox toksikidir. Bəzən arı sancması zamanı çox ağır anafilaktik şok vəziyyəti yaranır. Nəfəs yollarında hava çatışmazlığı əlamətləri təhlükəli vəziyyətə səbəb olur”,- deyə baş həkim bildirib.
Belə hallar zamanı 4 saat ərzində müdaxilə olmalıdır. İlan sancan şəxsə qanı təmizləmək üçün çoxlu maye verilməlidir.