Həkim-infeksionist Günay Əliyeva: “Kəskin respirator virus infeksiyaları xəstəliklərindən qorunmaq mümkündür”
“Profilaktik tədbirlərə əməl edərək kəskin respirator virus infeksiyaları xəstəliklərindən qorunmaq mümkündür”.
Bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva qurumun saytına müsahibəsində deyib.
Müsahibəni təqdim edirik:
– Günay xanım, kəskin respirator virus infeksiyalarına yoluxma daha çox hansı yaşlarda rast gəlinir?
– Kəskin respirator virus infeksiyaları (KRVİ) kəskin yoluxucu virus xəstəliklərinin böyük qrupunu özündə birləşdirir. Əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir.
Xəstələnmə ən çox beş yaşına qədər uşaqların payına düşür. Bu, həmin yaş qrupuna aid, artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
– Bu xəstəliklərə ilin hansı mövsümündə daha çox rast gəlinir?
– Kəskin respirator virus infeksiyalarının yayılması daha çox yaz və payız aylarında müşahidə edilir. Bunun əsas səbəbi yaz aylarında immunitetin zəifləməsi, digər səbəbi isə soyuğun təsirindən tənəffüs yollarının selikli qişasının zədələnməsi nəticəsində tənəffüs yolları xəstəliklərinin baş verməsidir. Yenidoğulmuşlar və altı ayına qədər uşaqlar digər yaşdakı uşaqlara nisbətən təcrid olunduğuna görə və anadan transplasentar yolla alınmış passiv immunitet saxlanıldığından xəstəliyə daha az hallarda yoluxurlar. Anadangəlmə immunitet zəif olduğu hallarda yenidoğulmuş və xüsusilə erkən doğulmuş uşaqlar da KRVİ ilə xəstələnə bilərlər.
– Doktor, qızılcadan necə qorunmaq olar?
– Qeyd etmək istərdim ki, qızılca xəstəliyinin xüsusi müalicəsinin olmamasına baxmayaraq, uşağın immunitetinin gücləndirilməsi, simptomların yüngülləşdirilməsi və fəsadların aradan qaldırılması mümkündür.
Valideynləri övladlarının sağlamlığına artıq dərəcə diqqətli olmağa çağırıram. Qızılcadan qorumaq və infeksiyanın qarşısını almaq məqsədilə onlar mütləq olaraq bir və altı yaşlarında iki dəfə peyvənd edilməlidirlər. Tövsiyə olunur ki, valideynlər uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər.
Peyvəndin birinci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, altı yaşına çatdıqda isə peyvəndin ikinci dozasını almalıdırlar. Müəyyən səbəblərdən peyvəndin ikinci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar isə gecikmədən peyvəndin ikinci dozasını almalıdırlar.
Eyni zamanda, peyvəndin hər iki dozasını vaxtında almamış 10 yaşınadək uşaqlara peyvəndin birinci və ikinci dozaları ən azı dörd həftəlik fasilə ilə aparılmalıdır.
– Bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Bu qərar nə dərəcədə düzgündür?
– Peyvəndlənmə bu xəstəliklərdən qorunmağın ən təsirli üsuludur. Səhiyyə Nazirliyi tərəfindən ölkəmizə gətirilən peyvəndlər təhlükəsizdir və keyfiyyətcə standartlara uyğundur. Peyvənd yoluxucu xəstəliklərin geniş yayılmasının qarşısını alır, yoluxma halında isə daha yüngül, qısamüddətli təsir verir.
Peyvənd olunmaq hər bir uşağın hüququdur. Uşaqlarınıza Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən peyvənd təqviminə uyğun olaraq peyvəndlərin vurulmasını tövsiyə edirəm.
– KRVİ necə müalicə edilir?
– Yuxarı tənəffüs yollarının kəskin iltihabını törədən bu xəstəliklərin müalicəsi simptomatikdir. Yəni xəstəliyin simptomlarını azaltmağa, xəstəliyi daha yüngül keçirməyə, ağırlaşmaların qarşısını almağa yönəlikdir. KRVİ virusları tərəfindən törədildiyindən, antibiotik təyini əsassızdır. Lakin bəzi hallarda ikincili infeksiya qoşularsa, ağırlaşma verə bilər. Bunlardan otitləri, sinusitləri, pnevmoniyaları, meningitləri və s. göstərmək olar. Bu zaman ağırlaşmaların qarşısını almaq üçün həkim məsləhəti ilə antibiotik terapiya təyin olunmalıdır.
– Bu xəstəliklərdən qorunmaq üçün nələri etməliyik?
– Profilaktik tədbirlərə əməl edərək KRVİ xəstəliklərindən qorunmaq mümkündür. Bu xəstəliklər, ilk növbədə, hava-damcı yolu ilə yoluxduğu üçün tənəffüs yollarını qoruyan gigiyenik vasitələrdən, yəni tibbi maskalardan istifadə etmək lazımdır. İkinci yoluxma yolu isə kontakt yoludur. Bunun qarşısını almaq üçün əllərinizi tez-tez yuyun. İnsanların çox olduğu qapalı yerlərə mümkün qədər az gedilməli, evlərdə, ofislərdə otaqların havası tez-tez dəyişdirilməlidir. Həmçinin, immun sisteminizi yaxşı vəziyyətdə saxlamaq üçün balanslı qidalanmalı, yuxu rejiminə düzgün riayət etməlisiniz, stresdən və zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Xəstəliklərə yoluxma və onları ağır keçirmə əksər hallarda immun sisteminin zəifləməsi ilə əlaqədar olur. Bu qaydalara riayət edərək virus xəstəliklərini yüngül keçirə və heç yoluxmaya bilərik.
Bununla belə, uşaqları yoluxucu xəstəliklərdən qorumağın ən yaxşı yollarından biri də peyvəndlərdir. Peyvəndlər erkən yaşda aparılmalıdır, çünki bu yaşda uşaqlar təhlükəli xəstəliklərə daha çox məruz qalırlar.