Gəray Gəraybəyli: Azərbaycan Tibb Universitetində iki mindən çox əcnəbi tələbə təhsil alır
Bakı, 18 fevral, AZƏRTAC
Ölkəmizdə xarici tələbə sayına görə lider olan Azərbaycan Tibb Universitetində (ATU) hazırda iki mindən artıq əcnəbi gənc təhsil alır. Onlar arasında Türkiyə, İran, Rusiya ilə yanaşı, İsrail, Ukrayna, Böyük Britaniya, Rumıniya, Fransa və digər Avropa ölkələrindən nümayəndələr də var. Azərbaycan Tibb Universiteti səhiyyə sisteminin çox güclü olduğu İsraildən də tələbələrin sayının artmasında maraqlıdır.
Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, bunu universitetin rektoru, professor Gəray Gəraybəyli İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplunla görüşdə bildirib.
G.Gəraybəyli görüş zamanı universitetin son illərdəki fəaliyyəti, ali məktəbdə tədris sistemi, aparılan islahatlar barəsində məlumat verib. Rektor qeyd edib ki, bir müddət əvvəl ATU-nun beynəlxalq akkreditasiyadan keçməsi universitetin dünya səviyyəsində tanınmasına, nüfuzunun artmasına və təbii, xarici tələbələrinin sayının çoxalmasına yol açacaq. Professor, həmçinin Tibb Universitetinin əməkdaşlıq etdiyi xarici ali məktəblər sırasında İsrailin Ben Qurion Universitetinin xüsusi yer tutduğunu da vurğulayıb.
İsrail-Azərbaycan Ticarət və Sənaye Palatasının sədri Aleks Kaplun rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Təşkilatın İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında ticarət, humanitar və digər sahələrdə əlaqələrin inkişafı istiqamətində fəaliyyət göstərdiyini, bu sırada tibb sahəsində fəaliyyətin də mühüm yer tutduğunu bildirib. A.Kaplun İsraildə tibb təhsili sistemi barəsində danışıb, ATU ilə əlaqələrin həmin istiqamətdə qarşılıqlı münasibətlərin dərinləşdirilməsinə yardım olacağını bildirib. Görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.