Ən çox 5 yaşadək uşaqların tutulduğu ağır xəstəlikədn qorunmağın yeganə yolu...
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) hazırladığı məlumatda bildirilir ki, hər il 24 oktyabrda qeyd edilən Ümumdünya Poliomielit Günü beynəlxalq qeyri-hökumət təşkilatı olan “Rotary International”-ın təşəbbüsü ilə yaradılıb. Bu tarix 1952-1955-ci illərdə poliomielitə qarşı vaksin hazırlayan Amerika epidemioloq və virusoloqu Conas Solkun doğum gününə görə təyin edilib.
Poliomielit günü ilə əlaqədar təşkil olunan tədbirlərin məqsədi poliomelit xəstəliyinə və xəstəlik sonrası problemlərə diqqəti cəlb etmək və vaxtında görülməli olan profilaktik tədbirlərin vacibliyini dünya ictimaiyyətinə çatdırmaqdır.
Poliomielit sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxara və ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir. İnfeksiya mənbəyi xəstə insan və sağlam virus daşıyıcısıdır. Xəstəliyə yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə, adətən, 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. Ən çox isə 5 yaşadək uşaqlar bu xəstəliyə tutulurlar. Poliomielitin ilkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur. Xəstəlik, adətən, soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir. Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir. Süni tənəffüsün verilməsi üçün xüsusi ləvazimatdan istifadə olunmadıqda, xəstəlik ölümlə nəticələnə bilər. Poliomielitin diaqnozu yalnız laborator müayinə nəticəsində qoyulur. Poliomelitin yeganə profilaktika yolu peyvənddir.
Azərbaycan Avropanın digər ölkələri ilə yanaşı 2002-ci ildən poliomielitdən azad ərazi sayılır. Lakin bütün dünyada poliomielit virusu ləğv edilməyənə qədər bu xəstəliyə yoluxma təhlükəsi qalır. Bu təhlükənin qarşısını almaq məqsədilə uşaqlara diri oral poliomielit vaksini (OPV) ilə peyvənd edilməlidir. Peyvənd nəticəsində uşaqlarda poliomielitə qarşı immunitet (xəstəliyə tutulmama qabiliyyəti) yaranır. Azərbaycanda poliomielitə qarşı peyvənd bütün uşaqlara Səhiyyə Nazirliyinin tibb müəssisələrində dövlət hesabına edilir.
Peyvənd zamanı poliomielitə qarşı vaksin məhlul şəklində pipetlə uşağın ağız boşluğuna damızdırılır. Azərbaycanda poliomielitə qarşı peyvənd uşağın 4-7 günlüyündə, sonra isə 2, 3, 4 və 18 aylığında edilir. Beləliklə, hər bir uşaq 2 yaşınadək MÜTLƏQ həmin vaksinin 5 dozasını almalıdır. Peyvəndin yalnız tam kursunu alan uşaq poliomielitdən qorunmuş hesab olunur.
e-tibb.az